Şəhid ailələrinə vergi güzəşti necə tətbiq ediləcək? - İqtisadçılar danışır

18-11-2022, 17:31           
Şəhid ailələrinə vergi güzəşti necə tətbiq ediləcək? -
Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən iclasında şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının, (ərlərinin) və övladlarının əməkhaqqı gəlirləri ilə bağlı 800 manat məbləğində vergi güzəşti tətbiqi ilə bağlı qanun qəbul edilib.

İqtisadçı Rövşən Ağayevin sözlərinə görə, hökumət zaman-zaman əhalinin müxtəlif kateqoriyalarına vergi güzəştləri tətbiq edir, bu da onlardan biridir. O, bu barədə Ednews-a açıqlaması zamanı deyib.

“4 il əvvəl qeyri-neft sektoru üzrə özəl biznesdə çalışanlara 8000 manata qədər aylıq əmək haqqı gəlir vergisindən azad edilib. Yaxud uzun illərdir ki, əhalinin müxtəlif kateqoriyaları, o cümlədən müharibədə fiziki sağlamlığını itirənlər, pensiyaçılar şəxsi əmlaka görə vergidən müəyyən məbləğdə güzəşt əldə edirlər. Bu dəfə isə hökumət hesab edir ki, vətən yolunda həyatını itirmiş insanların ailələrinin belə bir güzəşt üçün haqqı var, onlara münasibətdə bunu tətbiq edir. Ümumiyyətlə isə götürdükdə iqtisadi fəallığı artırmayan, iqtisadi artımı stimullaşdırmayan vergi güzəştlərindən mümkün qədər qaçmaq iqtisadi baxımdan daha səmərəli yoldur. Yalnız bu cür istisnalar ola bilər”.

İqtisadçı-ekspert Günay Hüseynova açıqlamasında isə bildirib ki, şəhid ailələri və qazilərimiz dövlətimizin xüsusi nəzarətindədir.

“Hər zaman onların həyat şəraitinin yaxşılaşdırması yönündə müxtəlif proqramlar həyata keçirilir. Müəyyən güzəştlərin tətbiqinə dair qanun qəbul edilir. Vergi məcəlləsində dəyişiklik təklif olundu və bu qanun 2023-cü il 1 yanvar tarixindən etibarən qüvvəyə minəcək, belə ki, Şəhid ailəsi üzvlərinin gəlirinin Vergi Məcəlləsinin 102.2.5 ci maddəsinə əsasən 400 manata qədər hissəsi gəlir vergisindən azad idi. Yeni qanuna əsasən artıq 800 manata qədər hissəsi azad olacaq. Bu da onların gəlirlərinin artmasına gətirib çıxaracaq. Qeyd edim ki, gəlir vergisi 14% təşkil edir. Lakin maaş 2500 manatdan yuxarı olduqda isə hesablama fərqli olacaq, o hissəyə qədər məbləğ vergidən azad olacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.