İcbari tibbi sığorta zərfi: Bahalı dərmanlar pulsuz olacaq?

19-11-2022, 00:12           
İcbari tibbi sığorta zərfi:
“Dərman vasitələri ilə bağlı ciddi proqram hazırlanır”.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin noyabrın 17-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, dərman vasitələri ilə bağlı insanlar arasında xeyli narazılıq var:

“Hesab edirəm ki, dərman vasitələri ilə bağlı bu məsələlərin həllinə böyük ehtiyac var. Bizdə olan məlumata görə, dərman vasitələri haqqında hökumətdə ciddi proqram hazırlanır. Əminik ki, proqramın hazırlanıb həyata keçirilməsi bu sahədə olan problemləri həll edəcək. Hesab edirəm ki, belə sənədlərin hazırlanması zamanı parlamentdə olan mütəxəssis deputatları bu məsələyə cəlb etmək lazımdır. Çünki onların bu sahədə xeyli təcrübələri var”.

Maraqlıdır, dərmanlarla baglı proqrama dərmanların sığorta ilə satılması da daxil edilməlidir?

Qiymətlər günbəgün artır və insanlar icbari sığortada yazılan dərmanları ala bilmədiklərindən müalicələri çox zaman yarımçıq qalır. Əksər ölkələrdə dərmanlar da sığortaya daxildir.

Bu barədə tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov Cebhe.info-ya bildirib ki, ölkəmizdə bəzi dərmanların qiyməti çox baha olduğundan onların icbari tibbi sığorta zərfinə salınacağı gözlənilmir:

"Əslində proqram vasitəsilə bioaktiv əlavələrin ölkəyə daxil olmasının qarşısını almaq istəyirlər. Hesab edirlər ki, həkimlər xəstəyə dərman əvəzinə, bioaktiv əlavələr yazır, guya xəstələr buna görə ziyan çəkir və sağalmır. Amma həkim bioaktiv əlavəni sağlam şəxsə yazır ki, qarşıdan gələn xəstəliyin qarşısı alınsın. Amma dünya ölkələrində bioaktiv əlavələr satılır, bizdə isə vətəndaşlar sifarişlə gətizdirirlər. Niyə sifarişlə gəlməlidir? Azərbaycanın özündə də satılsın. Bütün dərman vasitələrinin sığortaya daxil edilməsi üçün isə gərək dövlət tərəfindən ona külli miqdarda vəsait ayrılsın. Yəqin ki, ucuz dərmanları sığorta ilə ödəmək istəyərlər, amma baha dərmanların sığortaya salınacağına inanmıram".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.