Azərbaycanın yüz milyonlarla dolları xaricə axır... - Çörək və yağ dalınca...

19-11-2022, 10:46           
Azərbaycanın yüz milyonlarla dolları xaricə axır... -
2022-ci ilin 10 ayında (yanvar-oktyabr) Azərbaycana 221 milyon 642 min ABŞ dolları dəyərində 124 min 997 ton bitki mənşəli yağlar idxal edilib.

TEREF.AZ qeyd edir ki, həmçinin, cari ilin 10 ayında (yanvar-oktyabr) Azərbaycana 89 milyon 400 min ABŞ dolları dəyərində 15 min 495 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. Beləliklə, 2022-ci ilin 10 ayında bitki və kərə yağları idxalına görə Azərbaycandan xaricə 311 milyon 42 min dollar valyuta çıxıb. Ötən ilin eyni dövründə bitki və kərə yağlarının idxalına 239 milyon 589 min dollar xərclənmişdi. Beləliklə, yağların idxalına görə çəkilən xərc 71 milyon 453 min dollar artıb. Bu artım bitki və kərə yağlarının pərakəndə satış qiymətlərində əks olunur və əhali tərəfindən ödənilir.

Qeyd edək ki, Azərbaycan bir sıra məhsullarla bağlı idxaldan asılıdır və onların sırasında ilk yerdə ərzaq buğdası gəlir.

Bu gün ölkədən bitki və kərə yağı ilə bağlı milyon dollarla valyuta xaricə axırsa, yerli istehsalı artırmaqla idxaldan asılılığın aradan qaldırılmasının vaxtı deyilmi?

İqtisadçı-ekspert Razi Abbasbəyli Cebhe.info-ya bildirib ki, əslində belə bir vəziyyətin yaranması aqrar sektorun problemidir:

“Azərbaycan aqrar sektorla bağlı düzgün planlama aparılmadığına, düzgün istiqamətlər götürülmədiyinə, tədarüklə bağlı strateji proqram olmadığına görə idxaldan asılı vəziyyətə düşüb. Dünyada Rusiya-Ukrayna müharibəsi ilə bağlı xüsusilə də ərzaq məhsulları ilə təminatda iqtisadi böhran yaranmışdı. Ötən ilin statistikasına baxsaq, bitki yağları ilə bağlı ölkədən çıxan valyutanın həcmi 300 milyon manata yaxın olub. Kərə yağı ilə bağlı 2020-2021-ci ildə bu rəqəm 107-115 milyon manat arasında dəyişib. Cari ildə həmin xərclər azalıb”.

Ekspert bildirib ki, bu gün ölkənin aqrar sektorunda əsas ərzaq məhsullarında təminatla bağlı heç bir addım atılmır:

“Ölkədə əkinə yararlı torpaqların böyük bir hissəsi pambıq əkininə sərf olunur. Bununla bağlı strateji dəyişiklik etmək lazım idi. Ancaq bu istiqamətdə heç bir addım atılmadı. Əkinə yararlı torpaqların təyinatı dəyişdirilməliydi. Ən azından qarığdalı, günəbaxan yağları, yaxud maldarlığın inkişafı üçün yem və yem məhsullarında təyinat dəyişdirilməli idi. Eyni zamanda, pambıq əkilən sahələrin məhsuldarlığı aşağı düşməkdədir. Həmçinin, pambıqçılıq daha çox suvarma tələb edən təsərrüfat növüdür. Azərbaycanda su təminatı az olduğu halda yenə də pambıqçılıq davam etdirilməkdədir. Bu istiqamətdə problemlərin aradan qaldırılması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi heç bir addım atmır. Nəticədə ildən-ilə 1,5 milyon hektar əkinə yararlı torpaq sahəsinin məhsuldarlığı aşağı düşür. Nə maldarlıq, nə də strateji qida məhsullarının təminatı ilə bağlı heç bir addım atılır”.

Ekspert deyir ki, aqrar sektora ayrılan vəsait 2023-cü ildə bir qədər artırılaraq 2 miyard 100 milyon manata çatdırılacaq:

“Bu istiqamətdə hər hansı yeni texnologiyaların tətbiqi, torpaqlarla bağlı, bitki fondları, ərzaq təminatı, ölkədən valyutanın çıxarılmaması ilə bağlı heç bir addım atılmır. Yalnız subsidiyalaşdırma, çox baha faizlərlə texnika təminatına sərf olunur ki, bu da böyük korrupsiya mənbəyinə çevrilir. Hökumət heç olmasa iki ildən sonra düşünsün ki, dünya ərzaq böhranı ilə üz-üzədir. Hər an müharibələr baş verə bilər. Ümumiyyətlə, ölkədən valyuta axınının qarşısını almaq, əhalinin yerli istehsalla təminatı ilə bağlı addımlar atmalıdır. Burada həm gömrük siyasəti, həm yerli aqrar sektora yanaşma, əkin sahələri üzrə profilləşmə və stateji proqramlarla icra edilməlidir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.