“Qızınmadıq istisinə...” - Paytaxt məktəblərinə istilik verilib, amma şikayətlər səngimir

19-11-2022, 10:49           
“Qızınmadıq istisinə...” -
“Yaxın günlərdə problemlərin sayında kəskin azalma olacaq” - “Azəristiliktəchizat”
Bakıda noyabrın 15-də növbəti istilik mövsümünə start verildi. Verilən kimi də şikayətlər gəlməyə başlayıb. Xüsusən də köhnə çoxmərtəbəli binalarda yaşayan sakinlərdən. Payız-qış mövsümü ilə əlaqədar noyabrın 1-dən respublikanın dağ və dağətəyi ərazilərində, 15-dən isə digər bölgələrdə yerləşən məktəbəqədər və ümumi təhsil müəssisələrinin istiliklə təmin olunması prosesinə başlanılıb. Orta məktəblərdə isə hazırda 3 günlük tətildir (18 noyabrda bitir).

Bəzi məlumatlara görə, qızdırılmayan məktəblər də var. İstənilən halda şagirdlər, xüsusən də ibtidai sinifdə oxuyan balacalar və müəllim kollektivi soyuq qışda nə edəcək, vəziyyətdən necə çıxacaqlar? Gələn həftədən isə havanın daha da soyuyacağı gözlənilir.

Məlumdur ki, məktəblərdə istilik sistemi quraşdırılıb. O zaman niyə istilik olmasın?

Bu günlərdə Milli Məclisdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zaman Ombudsman Səbinə Əliyeva bu problemə toxunub. O qeyd edib ki, Azərbaycanın bəzi regionlarında soyuqların daha tez düşməsi nəticəsində məktəblərin soyuq olması, uşaqların xəstələnməsi və bu xəstəliyin daha sonra uşaqlar arasında yayılmasını nəzərə alaraq məktəblərdə qış rejiminə keçidin 15 noyabrda deyil, havanın temperaturuna uyğun tənzimlənməsinə ehtiyac var: “Orta məktəblərdə qış rejiminə keçidin havanın temperaturuna uyğun tənzimlənməsi və qış rejimində məktəblərin isidilməsinə əlavə vəsaitlərin dövlət büdcəsi hesabına ödənilməsinə ehtiyac duyulur”.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyindən bildirilib ki, ölkə ərazisində fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrinin 62 faizində istilik təminatı mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Qeyd olunan təhsil müəssisələrinin istilik təminatında yarana biləcək problemlərin əvvəlcədən aradan qaldırılması məqsədilə cari ilin avqust ayından istilik sistemlərinin yoxlanışı və təmiri istiqamətində işlərə başlanılıb.

Bundan əlavə, “Azəriqaz” İB ilə əməkdaşlıq çərçivəsində 1-20 oktyabr tarixlərində təhsil müəssisələrinə test rejimində mavi yanacaq verilməsi təmin edilib. Bu da istilik sistemlərinin yoxlanışı və təmiri işlərini sürətləndirib. Yoxlamalar zamanı aşkar edilmiş problemlərin həlli məqsədilə cari ilin sentyabr ayından intensiv təmir işlərinə başlanılıb və 1200-dən çox təhsil müəssisəsində yaranan problemlərlə bağlı işlər tam şəkildə yekunlaşıb. Hazırda təhsil müəssisələrinin istilik sistemlərinin monitorinqi və istiliyin verilməsi ilə yaranmış problemlərin həlli istiqamətində işlər davam etməkdədir.

Elm və Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinin 38 faizi odun, dizel, elektrik radiatorları və digər vasitələrlə qızdırılır. Payız-qış mövsümünə hazırlıq çərçivəsində bu təhsil müəssisələrinin müvafiq yanacaqla təminatı prosesi davam etdirilir. Bundan başqa, artıq ikinci ildir ki, odundan istifadə edən bir sıra məktəblərin ekoloji cəhətdən təmiz olan pellet yanacağına keçidi də həyata keçirilib. Qazax, Tovuz və Ağstafa rayonlarında yerləşən 44 təhsil müəssisəsində 800-dən artıq pellet sobası quraşdırılıb və yanacaq təminatı icra edilib.

“Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı “Yeni Müsavat”a dedi ki, ölkə üzrə 282 məktəbin qazanxanası “Azəristiliktəchizat”ın balansındadır: “Son bir neçə ildə ilk dəfədir ki, noyabrın 15-də ”Azəristiliktəchizat" payız-qış mövsümünü başlaya bildi. Qrafikə uyğun olaraq 11-12-13 noyabrdan etibarən biz qaz ala bildik və ayın 15-i əhalini istiliklə təmin etməyə başladıq. Bəli, bəzi ərazilərdə problemlərin olduğu üzə çıxıb. Bunlar da məhz qazanxana işə düşdükdən sonra su qızdırılıb, müvafiq təzyiqlə evlərə, binalara, yaşayış və qeyri-yaşayış obyektlərinə ötürülərkən ortaya çıxara biləcək bir problemlər idi. Söhbət hansısa axıntıdan gedir. “012 956" Çağrı Mərkəzimizə vətəndaşlar müraciət edir, sosial şəbəkələr üzərindən müraciətlər olur. İctimaiyyətlə əlaqələr üzrə xidmətə müraciət edirlər və dərhal həmin problemlərin aradan qalxması üçün əməkdaşlarımız gəlib məsələni həll edirlər.

Əgər problemin say çoxluğu haqqında soruşulursa, deyim ki, bu, ilk günlərə təsadüf edən problemlərdir. Düşünürəm ki, yaxın günlərdə problemlərin sayında kəskin azalma olacaq. Çünki qazanxanalar indi işə düşüb, bəzi ərazilərdə axıntı baş verib. Həmin yerlər də müəyyən olunaraq təmir edilib. Ümumilikdə isə balansımızda 1000 kilometrdən artıq magistral və məhəllədaxili istilik xətləri, borular var və onlar payız-qış mövsümü çərçivəsində oktyabrın sonunadək yoxlanılıb. Biz noyabrın 15-i ümumrespublika üzrə payız-qış mövsümünə keçid edə bilmişik. Noyabrın 1-də isə 6 rayon və şəhərimizdə - Şuşa, Lerik, Quba, Qusar kimi dağlıq ərazilərdə qazanxanalar işə düşmüşdü. Artıq istilik verməyə başlamışdıq. Yəni 564 qazanxanadan 26-sı noyabrın 1-dən işə düşmüşdü. Qalan 538 qazanxana isə artıq işə düşüb".

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov “Yeni Müsavat”a bildirdi ki, dərs günləri məktəblərdə monitorinqlər aparılır: “Hansısa konkret məktəbdə çatışmazlıq yaranarsa, operativ olaraq müvafiq qaydada ”Azəristiliktəchizat" və “Azəriqaz”la əlaqə saxlanılır, məsələnin həlli üçün təsirli tədbirlər həyata keçirilir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.