Bakıdakı məzarlıqlarda dəfn üçün yer qalmayıb - PROBLEM

19-11-2022, 10:33           
Bakıdakı məzarlıqlarda dəfn üçün yer qalmayıb
Bakıda qəbiristanlıq üçün yerlər çatışmır. Bunu Milli Məclisin iclasında deputat Eldar Quliyev deyib. Deputat bildirib ki, Bakı və ətraf qəsəbələrdə qəbiristanlıqlarda boş yer qalmayıb:
"Bu barədə dəfələrlə mənə ağsaqqalllardan müraciətlər olub. Xüsusən Xəzər və Sabunçu rayonlarında qəbiristanlıqla bağlı problem özünü daha qabarıq göstərir. Bu rayonların ərazisində qəbiristanlıq üçün ayrılacaq boş ərazilər var".
TEREF.AZ-ın məlumatına görə, Bakı Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin (BƏVXT) baş mühəndisi Sabir Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qurumun nəzdində olan məzarlıqların mütləq əksəriyyəti artıq bələdiyyələrə verilib. Onun sözlərinə görə, bir neçə qəbiristanlıq qalıb ki, onları da bələdiyyələr təhvil götürmür:
"Bakıda dörd məzarlıq var ki, onlar hələki təhvil verilməyib. Bunlar Buzovna, Zabrat- 1, Keşlə və Ümumşəhər qəbəristanlıqlarıdır. Həmin məzarlıqlar da mərhələ-mərhələ təhvil verilir. O ki, qaldı yeni məzarlıqlar üçün boş yerlərin ayrılmasına, artıq bu səlahiyyət bizim qurumdan alınaraq bələdiyyələrə verilib. Ona görə də, yeni məzarlıqlar üçün boş yerləri bələdiyyələr ayırmalıdır".

Deputatın adını çəkdiyi, qəbiristanlıq çatışmazlığı olduğu Sabunçu Bələdiyyəsindən də faktı təsdiqlədilər. Sabunçu Bələdiyyəsinin sədri Əlfəddin Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, onların balansında iki bələdiyyə var:
"Bunlardan biri müsəlman, digəri xristian qəbiristanlığıdır. Həmin qəbiristanlıqlar iki ildir ki, bizə təhvil verilib. Elə veriləndə o qəbiristanlıqlar artıq dolmuşdu. İndi o qəbiristanlıqda demək olar ki, heç yer yoxdur. Onlar bağlı qəbiristanlıqlar elan edilməlidir".
Əlfəddin Həsənov dedi ki, bələdiyyənin balansında isə yeni qəbiristanlıq salmaq üçün boş yer qalmayıb: "Biz də bu problemdən xəbərdarıq. Ona görə də aidiyyatı üzrə müraciət etmişik. Çox güman ki, bizə Balaxanı, yaxud da Kürdəxanıdan məzarlıq üçün boş yer ayrılacaq".

Əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev də Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakının nəinki mərkəzi, heç ətraf rayonlarında da məzarlıq salmaq üçün boş torpaq sahəsi qalmayıb. Həmsöhbətimiz bildirib ki, hazırda şəhərin mərkəzindəki Yasamal qəbiristanlığı dolub:
"Bələdiyyələrin şəhərdə boş torpaqları qalmayıb. Yalnız rayonlarda bələdiyyə torpaqları qalıb. Nəsimi və digər yerlərdə bələdiyyələrin məzarlıq üçün ümumiyyətlə boş torpaq sahəsi yoxdur. Bələdiyyənin torpaq sahəsi yoxdursa məzarlıqlar üçün dövlət özü torpaq sahəsi ayırmalıdır".
E. Fərzəliyev bildirib ki, Bakının Baş Planı hazırlanır və bu sənəd 2040-cı ildə hazır olacaq: "Bu məsələ Bakının Baş Planında öz əksini tapıb. Baş Plana əsasən paytaxtda böyük söküntülərin aparılacağı, əhali sayının artacağı gözlənilir. Ona görə də, yeni qəbiristanlıqların salınması aktualdır. Əhalinin sayına uyğun qəbiristanlıqlar artırılmalıdır. Amma qəbiristanlıqlar şəhər mərkəzində yox, şəhər ətrafında olur. Ona görə də məzarlıqlar üçün yerlər Bakıdan bir qədər kənarda ayrılmaldıır".

E. Fərəzliyev deyir ki, 22 ildən sonra Baş Planında yeni qəbiristanlıqların yerləri öz əksini tapacaq.
Məlumat üçün bildirək ki, Nazirlər Kabineti (NK) tərəfindən 2018-ci ilin dekabr ayında "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"na dəyişiklik edilib. Keçmiş Baş Nazir Novruz Məmmədovun qərarı ilə qəbiristanlıqlar yerli bələdiyyələrin idarəçiliyinə verilib.
Həmin qərarda qəbiristanlıqların salınması üçün şərtlər də öz əksini tapıb. Qərarda qeyd edilir ki, qəbiristanlığın salınması üçün ayrılan torpaq sahələri sürüşməyə və çökməyə meyilli olmamalı, məişət (təsərrüfat) içməli su üçün istifadə edilən açıq və yeraltı su hövzələrindən və yaşayış məntəqələrindən əks (aşağı) istiqamətdə mailliyə malik olmalıdır, daşqın və digər təbii fəlakət hadisəsi zamanı su altında qalma riski nəzərə alınmalıdır, qrunt sularının yuxarı hissələrinin axma səviyyəsi torpağın səthindən ən azı 2 metr dərinlikdə olmalıdır, ərazidəki torpaq sahəsi hava keçiriciliyinə və tez quruma qabiliyyətinə, quru məsaməliliyə (qumlu, qumluca, az gilli və s.) malik olmalıdır. Seçilən ərazi torf və ağır gilli torpaq sahələri olmamalıdır.
Qəbiristanlıqlar məişət (təsərrüfat) içməli su mənbələrinin mühafizə zonalarında, müalicə sağlamlaşdırma yerlərinin və kurortların sanitariya mühafizə zonalarının birinci və ikinci qurşaqlarında, əhali tərəfindən məişət (təsərrüfat), çimərlik və digər mədəni sağlamlıq məqsədləri üçün istifadə olunan dəniz, göl, çay və digər açıq su hövzələrinin sanitariya mühafizə zonalarında, karstlaşmış (suyun təsiri altında torpağı asanlıqla həll olunan süxurlardan ibarət olan sahələrdə relyefin spesifik formaları) və güclü çatlar yaranmış süxurların səthində, həmçinin bataqlıq yerlərində, həddən artıq rütubətli, su saxlayan səthlərin mövcud olduğu ərazilərdə, xüsusi mühafizə olunan təbiət ərazilərində, meşə fondu torpaqlarında, yerin təkində faydalı qazıntılar olan və kənd təsərrüfatına yararlı torpaqlarda, neft və qaz kəmərlərinin və yüksəkgərginlikli elektrik xətlərinin mühafizə zonalarında,dəmir yollarının təhkim zolaqlarında, dövlət və bələdiyyə avtomobil yollarının torpaqlarında salına bilməz.
Qəbiristanlıqlar bələdiyyə tərəfindən bu Qaydaların tələbləri gözlənilməklə ayrılmış torpaq sahələrində Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qeyri-kommersiya qurumu statusunda yaradılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.