İctimai nəqliyyatda bəzi qruplara güzəştlər niyə tətbiq edilmir?.. - HƏQİQƏTƏN DƏ...

19-11-2022, 13:50           
Azərbaycanda tələbələrə, pensiyaçılara, qazilər və şəhid ailələrinə ictimai nəqliyyatda güzəştlərin tətbiq edilməsi məsələsi zaman-zaman gündəmə gəlsə də, müzakirələr aparılsa da, sonradan bu təkliflərin, müzakirələrin kağız üzərində qaldığına şahid olmuşuq. Türkiyədə isə bu təbəqələrin nümayəndələrinə ictimai nəqliyyatda müəyyən güzəştlər tətbiq edilir.
TEREF.AZ-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyədə ictimai nəqliyyatda bu proses həyata keçirilir. Hətta "Vatan size borçlu" deyə bir mesaj səslənir. O ki, qaldı Azərbaycanda ictimai nəqliyyatın bəzi şəxslər üçün güzəştli olması məsələsinə Elməddin Muradlı qeyd edib ki, Azərbaycanda isə bu məsələ hələki müzakirə mərhələsindədir.

“Sözün düzü bizim Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi ilə bir müzakirəmiz oldu və təklif etdik ki, Bakı-Sumqayıt istiqamətində belə bir addım atılsın. Məsələn Bakıdan, Sumqayıta təhsil almağa gedən tələbələr var, eyni zamanda Sumqayıtdan, Bakıya gələn minlərlə tələbə var. Və bunların böyük əksəriyyəti dərsə gecikməmək üçün ictimai nəqliyyatın olmamasından istifadə edərək, məcburiyyət qarşısında qalıb, 1 manatlıq taksilərə, mikroavtobuslara üz tuturlar. Biz təklif etdik ki, gəlin, bu tələbələr üçün güzəştli kartlar təqdim edək. Həmin kartlardan istifadə edərək, onları ictimai nəqliyyata qaytaraq. Təbii ki, tələbə üçün əlavə pul vermək lazım deyil. Tələbə kartı əsasında ona ictimai nəqliyyatdan istifadə etməsi üçün ödəniş kartı verilir. Tutaq ki, başqaları eyni məbləğə pul ödəyib on gediş ala biləndə, bu öz kartına 12 gediş və yaxud da 13 gediş alsın. Yəni tələbəyə bizim verə biləcəyimiz bonus 2-3 gediş ola bilər” - deyə ekspert bildirib. Onun sözlərinə görə, bu pensiyaçılar üçün də müzakirə edilib.

Ekspert qeyd edir ki, əgər kimisə pulsuz daşımaq niyyəti varsa, bunu subyektiv şəkildə daşıyıcı şirkətlər və ya dövlət ödəməlidir. Bu da müzakirə olunur.

“Hansısa bir variant qəbul olunacaqsa, bunu zaman göstərəcək. Çünki belə deyək də, kart sistemi istənilən halda istifadə olunursa, quraşdırılan cihazda kart oxunmalıdır. Əgər ona güzəşt varsa, o da orada görünəcək. Yoxdursa, hesabından pul çıxacaq və s.” - deyən Muradlının sözlərinə görə, hələ ki, ilkin mərhələdə tələbələrlə bağlı müzakirə gedir. Çünki tələbə kütləsi ictimai nəqliyyata qayıtmalıdır.

“Biz buna çalışırıq, istəyirik ki, böyük bir kütlə ictimai nəqliyyata qayıtsın. Şəxsi avtomobillərdən,taksilərdən və s. qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən elementlərindən uzaq olsunlar. Bu yollardakı sıxlığı azaltmaq üçün atılan bir addımdır. Qaldı ki, şəhid ailələrinə, qazilərə, pensiyaçılara belə güzəştlərin tətbiq edilməsinə zamanla bu məsələ müzakirə oluna bilər. Hələ ki, biz Bakı-Sumqayıt yolunda tələbələrlə bağlı bir ideya vermişik və bu da bəyənilib” - deyə Elməddin Muradlı əlavə edib.

Ekspertin sözlərinə görə, Bakı-Sumqayıt arasında ictimai nəqliyyat demək olar ki, sıfır səviyyəsindədir. Sumqayıtın özündə də vəziyyət bərbaddır.

“Sumqayıt Şəhər İcra hakimiyyəti oranı pis günə qoyub. İndi artıq Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi vəziyyəti nəzarətə götürüb və müəyyən addımlar atmağa çalışırlar.Yaxın vaxtlarda yaxşı nəticələr gözləyirik” - deyə Elməddin Muradlı əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.