Konsepsiya ortada yoxdur, amma konkret layihələrdən danışılır

22-11-2022, 09:14           
Konsepsiya ortada yoxdur, amma konkret layihələrdən danışılır
TEREF.AZ: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: “ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfrans keçirilib.
Açıqlanan məlumatda bildirilir ki, konfransda “ağıllı kənd” və “ağıllı şəhər”in yaradılması istiqamətində ölkəmizdə icra olunan layihələrdən danışıblar .
“Ağıllı kənd” və “ağıllı şəhər”konsepsiyasının artıq təcrübədə həyata keçirilməkdə olduğunu bildiriblər.
Düzü, anlamadım nə demək istəyiblər.
Çünki, ilyarım bundan öncə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanması haqqında Prezidentin Sərəncamı olub. Xüsusi İşçi Qrupu yaradılıb.
Nazir Rəşad Nəbiyev İşçi Qrupunun sədridir.
RİNN rəsmilərinin açıqlamalarında adı çəkilən sənədin layihəsinin xeyli müddət bundan öncə hazır olduğu və Prezidentə təqdim edildiyi bildirilmişdi.
Maraqlı məqam odur ki, indiyədək bu Konsepsiya təsdiqlənməyib. Yəni Prezidentin sərəncamı icra edilməyib.
Konseptual baxışların olmadığı bir mühitdə hansı konkret layihələrin tətbiq edilməsi də düşündürücüdür.
Yeri gəlmişkən, aidiyyatı qurumlar Zəngilanın Ağalı kəndində konkret hansı ağıllı həllərin tətbiq edilməsi haqqında da hələlik bir açıqlama verməyiblər. Ekspertlər, biznes və ictimaiyyət üçün "ağıllı həllər"in hansısa ictimai baxışı təşkil olunmayıb.
Bu sahə üzrə ixtisaslaşan bəzi özəl qurumlar da bu prosesdən xəbərsiz olduqlarını və prosesə cəlb edilmədiklərini bildiriblər.
Düşünmək olar ki, bu tip dar çərçivədə , maraqlı tərəflərin yetərincə təmsil olunmadığı şəraitdə keçirilən konfrans da güman ki , yuxarıda qeyd olunan məsələlərlə bağlı olub.
Osman Gündüz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru