Qiymət artımı büdcəyə bir milyard manat qazandırıb

26-05-2023, 08:54           
Qiymət artımı büdcəyə bir milyard manat qazandırıb
Hesablama Palatası ötən ilin dövlət büdcəsinin icrasına dair rəyini açıqlayıb. Rəydə diqqət
çəkən bilgilər arasında büdcə gəlirlərinin necə formalaşmasına da yer verilib. 2022-ci ildə dövlət
büdcəsinin toplam gəliri 30 milyard 680 milyon manat olub. Büdcənin tən yarısı neft-qaz, digər
yarısı isə neftdənkənar sektor hesabına təmin edilib.
Neftdənkənar sahələrdən büdcə gəlirlərinin 5 milyard 655 milyon manatlıq bölümünü Dövlət
Gömrük Komitəsi toplayıb. Gömrük qurumları xətti ilə əldə edilən gəlir proqnozdan 1 milyard
manat və ya 22.8 faiz yüksək olub.
Gömrük yığımları niyə çoxalıb?
Hökumətin proqnozdan çox gömrük rüsumu yığmasının səbəblərindən biri ötən il idxalın
artmasıdır. Belə rüsumlar, əsasən, ölkəyə gətirilən məhsullara tətbiq edilir. Bu üzdən, idxalın
artması toplanan rüsumların da həcmini artırır. Dövlət Gömrük Komitəsinin açıqlamasına görə,
ötən il Azərbaycanın toplam idxalı 14 milyard 540 milyon dollar dəyərində olub. 2021-ci ildə bu
rəqəm 11 milyard 706 milyon dollar idi. Deməli, ötən il Azərbaycanın idxalı təxminən 3 milyard
dollar yüksəlib.

Hesablama Palatasının rəyində qeyd edilir ki, idxal rüsumuna cəlb olunan idxalın artması və
ƏDV-dən azadolmaların idxalda xüsusi çəkisinin azalması kimi amillər də gömrük yığımlarının
proqnozları aşmasına yol açıb.
Yığımları artıran başqa önəmli bir amil də inflyasiyadır. Ötən il ölkəyə gətirilən məhsullar 20
faizdən çox bahalaşıb. Rəsmi rəqəmlərdən aydın olur ki, Dövlət Gömrük Komitəsinin il ərzində
topladığı vəsaitin 17 faizi – təxminən 961 milyon manatı məhz inflyasiyanın artmasından
formalaşıb. Başqa deyimlə, idxal edilən məhsullardakı qiymət artımları büdcəyə təxminən 1
milyard manat gəlir qazandırıb. Bu baxımdan, aydın olur ki, ölkədə gömrük ödənişlərinin
proqnozu aşmasının əsas səbəbi gömrük orqanlarının işinin yaxşılaşması və ya ölkə
iqtisadiyyatının canlanması deyil, məhz qiymət artımlarıdır.
Qiymətləri ucuzlaşdıra bilərdi
Hesablama Palatası 2021-ci il dövlət büdcəsinin icrası barədə rəyində bildirmişdi ki, həmin il
gömrük qurumları yığımlarının 15 faizi inflyasiya hesabına formalaşıb. Belə çıxır ki, ötən il
inflyasiya üzündən formalaşan gəlirlərin gömrük qurumlarının toplam gəlirlərindəki payı bir
qədər də yüksəlib. Həmin vaxt inflyasiya hesabına formalaşan gömrük yığımlarının həcmi
təxminən 650 milyon manat idi.
İnflyasiya hesabına proqnozdan bu qədər çox gömrük ödənişlərinin yığılması daha bir məqama
diqqət çəkir, axı hökumətlərin qiymət artımları ilə mübarizədə faydalandığı ən vacib alətlərdən
biri gömrük rüsumlarıdır. Qiymət artımlarının yüksək olduğu bir ortamda hökumətlər gömrük
ödənişlərini azaldaraq və ya sıfırlayaraq həmin məhsulların qiymətinə təsir göstərir. Ötən il
Azərbaycanda son 15 ilin ən yüksək inflyasiya göstəricisi qeydə alınmışdı. Bu baxımdan, aydın
olur ki, hökumətin gömrük rüsumları hesabına qiymətlərə təsir etmək imkanı vardı, axı toplanan
rüsumlar, onsuz da, proqnozu aşırdı. Bu, yetməzmiş kimi, 1 milyard manat məbləğində əlavə
gömrük ödənişinin toplanması göstərir ki, hökumət proqnozdan əlavə vəsait hesabına
qiymətləri ucuzlaşdıra bilərdi, ancaq həmin imkandan yetərsiz ölçüdə istifadə edilib.
Ötən il təkcə yeyinti məhsullarının idxalına 2 milyard 363 milyon dollar xərclənib və ölkənin
toplam idxalının 16 faizindən çoxu yalnız yeyinti məhsulları ilə bağlı olub. Həmini məhsulların
idxalı 22.4 faiz çoxalıb ki, bunun da başlıca səbəbi elə qiymət artımlarıdır. Ötən il ölkədə sırf qida
məhsulları 20 faiz bahalaşıb.
Yığımların idxala nisbəti də artıb
Hesablama Palatasının açıqladığı göstəricilər arasında daha bir məqam diqqət çəkir. Söhbət
gömrük yığımlarının toplam idxala nisbətindən gedir. Ötən il toplam idxal 24 milyard 718 manat
olub. Bu idxal üçün toplam 5 milyard 565 milyon manat gömrük ödənişləri toplanıb. Deməli,
gömrük ödənişlərinin toplam idxala nisbəti 22.9 faiz olub. Bu, 2021-ci illə müqayisədə 1.1 faiz
bəndi daha yüksək göstərici deməkdir.
Sırf idxal rüsumuna cəlb edilən məhsullara gəlincə, ötən il idxal rüsumuna cəlb edilən hər min
manatlıq mallara görə büdcəyə, orta hesabla, 131 manat 63 qəpik daxil olub.











Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.