Vətəndaşlar könüllü qaydada maşınlarını utilizasiyaya VERƏCƏKMİ? - SUAL BUDUR...

3-06-2023, 16:40           
Vətəndaşlar könüllü qaydada maşınlarını utilizasiyaya VERƏCƏKMİ? - SUAL BUDUR...
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "İstehsalat və məişət tullantıları haqqında" qanuna təklif edilən dəyişiklikdə Azərbaycanda güzəştin və birdəfəlik ödənişin maliyyələşdirilməsi, habelə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitələrinin utilizasiya fondunun yaradılacağı öz əksini tapıb.

Nəqliyyat vasitələrinin utilizasiyası fondu məqsədli büdcə fondudur və aşağıdakı müstəqil mədaxil mənbələri hesabına maliyyələşəcək:

- utilizasiyası haqqı;

- kreditlər və qrantlar;

- hüquqi və fiziki şəxslərin könüllü ianələri;

- beynəlxalq təşkilatların və digər donorların ayırmaları;

- qanunla qadağan olunmayan digər mənbələr.

Qanun qəbul ediləcəyi halda fondun yaradılmasına dair müddəa 2024-cü il fevralın 1-dən tətbiq olunacaq.

Görəsən, avtomobillərin utilizasiyası istiqamətində nəzərdə tutulan müddəalar, köhnə avtomobillərin sahibləri üçün nə dərəcədə stimullaşdırıcı olacaq?

TEREF.AZ xəbər verir ki, Bizim.Media-ya açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov utilizasiya ilə bağlı ayrıca proqramın qəbul olunmasını vacib bilir:

“Azərbaycan kimi avtomobilləşmə prosesi yeni başlayan ölkələrdə utilizasiyadan, yəni insanları köhnə avtomobilləri təhvil verməyə həvəsləndirmək üçün müəyyən həvəsləndirmə tədbirləri görürlər. Məsələ ondadır ki, bizim kimi ölkələrdə insanların ekoloji və təhlükəsizliklə bağlı dünyagörüşümüz hələ lazımi səviyyədə inkişaf etməyib. Ona görə də mövcud şəraitdə həvəsləndirmə tədbirlərinə üstünlük verilir. Bu əsasda da utilizasiya fondlarının yaradılması nəzərdə tutulur.

Amma dünyanın yüksək avtomobilləşmik ölkələrində heç bir həvəsləndirmə tədbirləri həyata keçirilmir. Sadəcə olaraq, sürücülər utilizasiya fonduna pul köçürür. Avtomobil istifadəyə yararsız olanda isə onu təhvil verirlər.

Azərbaycanda məsələ ilə bağlı ortaya çıxan layihə problemin həlli üçün hələ kifayət deyil. Utilizasiya ilə bağlı ayrıca proqram da olmalıdır. Onda məsələnin mahiyyəti tam aydın olacaq. Tam aydın olandan sonra utilizasiya istiqamətində addımların köhnə avtomobil sahibləri üçün nə dərəcədə stimullaşdırıcı olub-olmadığı aydınlaşacaq”.

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə isə, utilizasiya proqramı avtomobillərin yüksək olan gömrük rüsumları və vergi dərəcələri ilə bağlı məsələnin həllinə yardım edə bilər:

“Utilizasiyaya gedən ölkələr adətən avtomobil istehsal edən ölkələrdir. Almaniya, Fransa, Rusiya yerli istehsalı stimullaşdırmaq üçün bu sayaq addımlar atıb. Azərbaycanda isə yerli istehsal yoxdur. Ona görə də utilizasiya proqramı başqa məntiqlə işləməlidir. Ölkəmizdə ən çox avtomobillərin gömrük rüsumları və vergi dərəcələrinin yüksək olmasından şikayətlər var. Utilizasiya proqramı isə bu məsələnin həllində yardımçı ola bilər.

Köhnə avtomobilin dövlət tərəfindən satın alınması fonunda daha yüksək qiymətlə qiymətləndirilərək, onun sahibinə sertifikat verilir. Həmin sertifikatın əldə edilməsi fonunda isə ölkəyə yeni avtomobil gətirilərkən tutulan gömrük rüsumu və vergi dərəcəsi də azaldılmalıdır.

Məsələn, 3000 manatlıq sertifikatı olan şəxs biləcək ki, onun vasitəsilə ölkəyə gətirdiyi, gömrük rüsumu və vergisi 5 min olacaq avtomobilinin 60 faizini bu yolla qarşılaya biləcək.

Bu qayda ölkənin köhnəlmiş avtoparkının yenilənməsi yolunda daha məntiqlidir. Məhz bu qaydanın tətbiqi utilizasiya prosesinə ciddi effekt verəcək. Hələlik məsələ ətrafında təkliflər var. Son versiyası elan olunandan sonra məsələ ilə bağlı daha ətraflı fikir bildirmək mümkün olacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.