Məktəblərdə rüşvət

12-06-2023, 10:48           
Məktəblərdə rüşvət
Boş şeydir, deyib keçməyin. Bütün cəmiyyətlər məktəblərdə doğulur. Məktəb ümumiyyətlə toplumun gələcəyini müəyyənləşdirən qurumdur, millətin anasıdır. Gələcəyin insanı müəllimindən təkcə elmi biliklər öyrənmir, həm də sabah necə yaşayacağının təlimini alır. Rüşvəti necə verməyi, hansı bəhanələrlə bəxşiş almağı da müəllimlərimizdən öyrənirik.
Bu baxımdan müəllimlərin uşaqlardan aldığı rüşvətin miqdarı hansısa nazirin, komitə rəisinin əməlləri ilə müqayisədə dənizdə damla kimi görünə bilər. Amma onun cəmiyyətimizin psixologiyasına, mənəviyyatına vurduğu zərbə daha dəhşətlidir. Çünki orda əldə etdiyimiz biliklər və təcrübələr korrupsioner sistemin formalaşmasında ilkin nümunə kimi beyinlərimizə həkk olunur, bizim necə bir vətəndaş olaraq yetişməyimizdə mühüm rol oynayır.
Üstəlik, rüşvətin təm-təraqla alınması, az qala törənlərlə qeyd olunması onun toplum zehnində legitimləşdirilməsinin də ən qısa yoludur.
Xırdalan müəllimləri rüşvətalma mərasimləri təşkil etməklə nəinki gələcək vətəndaşlarımızı bu sosial bəlaya öyrəşdirirlər, hətta onu müqəddəsləşdirirlər. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə aparmaq istəyən dövlət ilk fəaliyyətinə məktəblərdən başlamalıdır. Çünki məhz o məktəblər bizim kimi rüşvətə hörmət deyən toplumu yetişdirib. O məktəblər var olduqca biz özümüzü dəyişdirə bilməyəcəyik.
Heydər Oğuz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.