Məktəbdən imtina edən məşhur repetitor: - ""Namus" məsələsinə çevrilib"
12-06-2023, 18:39

Həmişə olduğu kimi bu il də ali məktəblərə qəbul imtahanı zamanı aktual olan mövzulardan biri abituriyentlərin topladığı baldır. Bəzi abituriyentlər var ki, imtahan zamanı kifayət qədər yüksək bal toplasa da, onların bir qismi yetərincə bal toplaya bilmir. Bu zaman həm müəllimləri, həm də valideynləri günahlandırırlar.
Bugünlərdə sosial şəbəkələrdə müzakirə olunan mövzulardan biri də məhz bununla bağlıdır. Əgər abituriyent az bal toplayırsa, valideynlər günahı övladlarının bir neçə fənn üzrə hazırlığa getdiyi repetitorda görür. Müəllimlər isə uşağın qavrama qabiliyyətinin yüksək səviyyədə olmadığı, eləcə də valideynin məsuliyyətsizliyi ilə əlaqələndirirlər. Faktdır ki, son illər şagird uğuru dedikdə, məktəb yada düşmür və bu, repetitorun uğuru sayılır.
Bəs şagird istənilən nəticəni göstərmədikdə günahkar müəllim, yoxsa valideyndir?
TEREF.AZ bildirir ki, mövzu ilə bağlı Cebhe.info-nun suallarını ingilis dili fənni üzrə tanınmış repetitor Elnarə Bayramova cavablandırıb:
-Bu gün şagird imtahan zamanı 90 baldan aşağı bal toplayırsa, günahkar şagird, valideyn, yoxsa onu hazırlayan müəllimdir?
- Əslində bu, çox qarışıq bir mövzudur. Müxtəlif situasiyalar ola bilər. Məktəbdəki müəllimi deyə bilmərəm, amma hazırıq müəllimi lazım olan bütün materialı uşağa ötürür. Ən güclü müəllimlərin belə ən yüksək və ən zəif yazan şagirdləri olur. Şagirdin götürmə qabiliyyəti zəifdirsə, burada heç kim günahkar deyil. Bunu valideyn özü çox gözəl bilir. Bəzi valideynlər bunu qəbul etsə də, bəziləri etmirlər. Bunu əsasən evin tək uşağı olanlara şamil etmək olar.
Valideyn düşünür ki, bir uşaqdır, bütün gücünü ona verirsə, demək o yaşıdları arasında ən yüksək bal toplayan olmalıdır. Amma düşünmür ki, 1 stəkana 1 vedrə suyu boşaltmaq mümkün deyil. Ölçü qablarının həcmi fərqli olduğu kimi, uşaqların da götürmə qabiliyyəti və yaddaş tutumu fərqlidir. Mənim yanıma gələn uşaqlardan 90+ yazanı da olur, ən aşağı 36 yazan da olub. Hazırlığa başlayandan 1 ay sonra mən onların hansının necə yazacağını artıq bilirəm və valideyninə məlumat verirəm ki, məsələn, bu uşaqdan 80+ gözləməyin, bu uşaqdan 50+ gözləməyin və s.
Bundan əlavə zehni iti olub, “ağlı 5 qarış havada” olan uşaqlar da var. Müəllim tapşırıq verir, uşaq eləmir, öyrənməyə lüğət verir, uşaq 2 dəfə oxuyur, 10 dəqiqəlik müvəqqəti yaddaşında saxlaya bilir, həmin müddətdə valideyn onu yoxlayır. Deyir ki, hə, uşaq öyrənib. Əgər valideyn yarım saat sonra o lüğəti uşaqdan təkrar soruşsa, görəcək ki, uşaq cavab verə bilmir. Çünki öyrənməyib. Bizim həyətdə olan uşaqlar var ki, yanıma hazırlığa gəlirlər.
Baxıram ki, uşaq bütün günü həyətdədir. Top oynayır, ağaca dırmaşır, pişik qovalayır. Hazırlığa gələndə dərsə hazır olmur. Valideyninə də bildirirəm. Hətta bəziləri o qədər əsəbimə toxunublar ki, qrupdan çıxarmışam. Günahkar axtarırıqsa, o da məktəb, müəllimi gözdən salan qərarlar qəbul edən üst səviyyəli qurumlardır. Uşağın müəllimdən qorxusu olsaydı, uşaq oxuyardı.
- Bəzən valideynlər düşünürlər ki, müəllim yaxşı öyrətsəyi, onun uşağı yüksək bal toplayardı...
- Valideyn öz uşağını tərbiyə edə bilmir, ya da elədiyini sanır. Uşaq müəllimin ona heç nə edə bilməyəcəyini bildiyi üçün sinifdə min hoqqadan çıxır. Dərsi pozur, öyrənmək istəyənə də mane olur. Mənim 3 övladım var. Rəsmi olaraq valideynəm, amma rəsmi olaraq müəllim deyiləm. Sadəcə evdə hazırlıq keçirəm.
Mən övladlarımı elə böyütmüşəm ki, həm dərslərini oxuyur, həm də müəllimə hörmətlə yanaşırlar. Tez- tez müəllimlə əlaqə saxlayıram ki, bir şikayətiniz varmı? Hər zaman da tərif almışam və bir dəfə də olsun şikayət almamışam. Niyə? Çünki mən müəllimi uşaqlarımın ayağına vermirəm. Artıq 10 ildir evdə dərs keçirəm. Məktəbdə dərs deməyə cəhd eləmirəm də. Mənə belə rahatdır. Məktəbdə nüfuzdan düşməkdənsə, öz əlim, öz əməlim.
-Bəs sırf repetitor fəaliyyəti gələcək təminatla bağlı sizə problem yaratmayacaq ki?
- Mənim valideynlərim çox çalışdılar. Pensiyaya çıxacaqları günü gözlədilər. Amma heç biri 60-ı keçə bilmədi. Pensiyanın “p”-sini də görmədilər. Mənim üçün də onu görmək məchuldur. Məchul bir şey üçün özümü bu boyda əziyyətin altına salmağı düşünmürəm. Rəbbim övladlarımı xeyirli övlad eləsin. Əgər bir gün əldən ayaqdan düşərsəm, onlar mənə baxar.
- Hazırda siz sırf repetitorluq fəaliyyəti ilə məşğulsunuz. Faktdır ki, şagird müsbət nəticəni məktəb deyil, repetitor sayəsində qazanır. Sizcə məktəbdəki uğursuzluğun səbəbkarı kimdir?
- Mən əvvəllər dəfələrlə məktəbdə işləməyə cəhd etdim. Ancaq 60 ballıq sistemdə 50+ balla mən heç yerdə iş tapa bilmədim. Evimin yaxınlığındakı məktəblər yer vermir. Amma hər il də təzə müəllim gəlir. Ya baş qoşub demaqoqluq edib ömrümü şikayətlə keçirməliyəm, ya da “cəhənnəm olsun” deyib başımı aşağı salıb evimdə dərsimi keçərək qazanc əldə etməliyəm. Mənə ikinci daha rahatdır. Çünki 3 övladımın geyimini,yeməyini heç kim qarşılamır.
Məktəbdə saat davaları edilir. Hansı müəllim daha çox pul versə, direktor ona daha çox saat verir. Ən sonda da maksimum saatla ən çox, 600-700 manat maaş alır. Repetitorluqla evimdə ev işlərimi də çatdırır, dərsimi keçib pulumu da alıram. Bir gün qismət olarsa, özüm kurs açmağı düşünürəm. Məktəbdəki uğursuzluğun səbəbi isə valideynlər və yuxarıdakılardır. Dərsi öyrənməyən uşağın üstünə səsini qaldırmağa qorxan müəllim nə etsin? Hər sahənin yaxşısı və pisi olduğu kimi, bu sahənin də yaxşısı və pisi var. Pis müəllimə rüşvəti alıb diplomu verənlər günahkardır.
Bir sinifdə 40 uşağın nə işi var? Dərs keçməyən müəllimlər də var. Amma “nə də olsa, hazırlığa gedəcəyəm” deyib dərs keçən müəllimin dərsini oxumayan uşaq da var. Mən öz övladlarıma demişəm ki, sizi hazırlığa qoymayacağam. Özünüz oxumalısınız. Hər üçü özü oxuyur. Bütün qiymətləri də əladır. Qızlarımı bu il artıq qoyacağam. Çünki 9-cu sinifdirlər. O riski gözə ala bilmərəm. Amma bu günə qədər özləri oxuyub.
- Belə bir fikir var ki, məktəbdə normal təhsil verilsə, artıq repetitor yanına getməyə ehtiyac qalmayacaq. Bu fikirlə razılaşırsızmı?
- Mənim oğlumun müəllimi İlahə Məmmədovadır. Pandemiya dövründə televiziyada ibtidai sinif dərslərini tədris edirdi. Çox savadlı, vicdanlı, işini bilən müəllimdir. Amma o sinifin də valideynləri uşaqları hazırlığa qoyurlar. Bilirsiz niyə? Çünki hazırlıq trenddir. Müəllim dərsini keçsə də, keçməsə də. Artıq “hazırlıq” sözü bəzi valideynlər arasında “namus” məsələsinə çevrilib. Deyirlər ki, filankəs uşağını hazırlığa qoydu, mən qoymadım, vay, deyəcəklər kasıbdır.