Xarici banklar Azərbaycana niyə gəlmir?
14-06-2023, 00:06

Yaxın üç ildə 50-yə yaxın bank Rusiya bazarını tərk edə bilər.
Bunu ACRA reytinq agentliyinin rəhbəri Mixail Suxov “İzvestiya” qəzetinə müsahibəsində deyib. Azərbaycandakı durum isə qonşu ölkədən bir qədər fərqlənsə də, geri də qalmır. Məsələ burasındadır ki, xarici banklar Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı deyil.
Zamanında fəaliyyət göstərən xarici banklar isə yerli bankların sıxışdırıb çıxarması nəticəsində Azərbaycandan birdəfəlik gedir. Buna da müxtəlif amillət təsir göstərir.
İqtisadçı Razi Abbasbəyli Cebhe.info-ya açıqlamasında həmin amilləri sadalayıb:
"Azərbaycanın bank sektorunda, maliyyə bazarında rəqabət potensialı kifayət qədər aşağıdır. Hələ 2005-ci ildə Azərbaycan Prezidenti Nazirlər Kabinetinə Rəqabət Məcəlləsinin hazırlanması ilə bağlı tapşırıq vermişdi. Təqribən 17-18 ildir ki, həmin məcəllə nə hazırlanır, nə də Milli Məclisdə müzakirəyə çıxarılıb qəbul edilir.
Rəqabət Məcəlləsi olmadığına görə bazarda inhisarçılığa qarşı mübarizə, sağlam rəqabət mühiti yaradılmayıb. Üstəlik, yerli bank bazarında risk indeksi kifayət qədər yüksəkdir. Buna görə də xarici investorlar Azərbaycanda fəaliyyət göstərmək istəmirlər".
Onun sözlərinə görə, digər səbəb hökumətin xarici bankları Azərbaycana dəvət etməkdə maraqlı olmamasıdır:
"Bundan əlavə, başqa səbəb məhkəmə-hüquq sistemində şəffalığın tam təmin edilməməsidir. Məhkəmə sistemində şəffalıq olmadığına görə investorlar öz pullarını Azərbaycana yatırmaq istəmir, bank sektorunda fəaliyyət göstərməkdən qaçır. Bütün bu faktorlar xarici bankların Azərbaycanda fəaliyyət göstərməməsinə səbəb olur".