Gədəbəydə nə baş verib ?
21-06-2023, 09:09

Sosial mediada Gədəbəyin Söyüdlü kəndində, dağın başında Daxili Qoşun əsgərlərinin kənd camaatı ilə qarşıdurmasını əks etdirən fotolar paylaşılır.
Rəsmi olmayan məlumatlara görə kənd camaatı bu kəndin ərazisində, qızıl yaxud mis mədənləri ilə əlaqəli inşa edilən süni gölün tikintisinə etiraz edirmiş.
İlk baxışdan anlamaq olmur, suallar yaranır ki, dağın başına Daxili Qoşun əsgərləri nə üçün yeridilib.
Əsgərlərlə, polislə sadə insanları üz-üzə qoymaq qərarı hansı zərurətdən yaranıb, doğurdanmı problemi həll etmək üçün buna qədər olan bütün vasitələrdən istifadə edilib ?
Paylaşılan videolarda, heç bir əsas olmadan adi bir kənd sakininə, yaşlı qadına qarşı gözyaşardıcı qazdan istifadə edilməsinin isə ümumiyyətlə izahı yoxdur. Bu necə ola bilər? Çox təəssüfləndirici bir haldır.

Ümid edirəm rəsmilər, səlahiyyətlilər bununla bağlı açıqlamalar verəcəklər.
Görəsən ərazidə adı çəkilən işləri aparmaq üçün qanuni əsaslar olubmu?
Əgər kiminsə əlində burada hansısa işləri görmək üçün qanuni əsaslar olubsa və kənd camaatından kimlərsə buna mane olub , qanunu pozublarsa görəsən bu poblemi həll etməzdən öncə bir maarifçilik işləri, izahat işləri aparılmalı deyildimi, vətəndaş cəmiyyətini və medianı cəlb edib bir ictimai müzakirələr aparmaq olmazdımı, kənd camaatı ilə, necə deyərlər halallaşmaq lazım deyildimi?
Əgər dövlət maraqları üçün hansısa layihələr icra olunacaqdırsa, hansı ki indiyədək yüzlərlə belə layihələr icra olunub, amma Daxili Qoşunlara ehtiyac olmayıb.
Ümid edirəm cəmiyyəti narahat edən bu məsələ ilə bağlı Gədəbəy İcra Hakimiyyəti, hökumət və DİN ağlabatan bir açıqlama verəcəklər.
Osman Gunduz
Teref.az