"PAK BAKERY" MMC yükünə sahib çıxmır - 15 TIR SÜRÜCÜSÜ ÇARƏSİZ DURUMDADIR -VİDEO

23-06-2023, 10:44           
"PAK BAKERY" MMC yükünə sahib çıxmır -
Məhəbbət Haqverdiyev: "Telman adlı mal sahibi daşıdığımız yükünə yiyə durmur, indi "Ər-Riyad" ticarət mərkəzinin dayanacağında qalmışıq, buna görə də boş dayanma haqqı tələb edirik"

Bu gün Hurriyyet.az-a müraciət edən Məhəbbət Nəriman oğlu Haqverdiyev iyunun 15-də onunla birlikdə 15 TIR sürücüsünün Xaçmaz Gömrük İdarəsindən Azərbaycana keçid etdiyini, lakin daşıdıqları yükün sahibinin indiyədək öz malını təhvil almadığını bildirib.

Məhz bu səbəbdən də bir həftədir ki, boş yerə gözləməyə vadar qaldıqlarını deyən Məhəbbət Haqverdiyev hazırda Bakı-Sumqayıt şossesinin kənarında yerləşən "Ər-Riyad" ticarət mərkəzində Telman adlı mal sahibini gözlədiklərini deyib: "Qeyd edim ki, biz Telman adlı şəxsin ununu daşıyırıq. Daha dəqiq desəm, biz qeydiyyat ünvanı Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli 125 olan "PAK BAKERY" MMC-nin adına Rusiya Federasiyasından un gətirmişik. Xaçmaz Gömrük İdarəsi ilə bağlı heç bir problemimiz yoxdur. Ordan bizi vaxtında buraxdılar, lakin Telman adlı mal sahibi daşıdığımız yükünə yiyə durmur, gəlib bizdən təhvil almır. İndi "Ər-Riyad" ticarət mərkəzinin dayanacağında qalmışıq, bizi nə dindirən, nə də malı təhvil alan var. Biz TIR sürücüləri "sezon" vaxtı burda boş yerə vaxt itiririk. Buna görə də mal sahibindən beynəlxalq normalara əsasən boş dayanma haqqı tələb edirik. Camaat işləyib pul qazanır, bizsə burda Telman adlı şəxsin malına qaravul çəkirik. Ona dəfələrlə zəng edib "Ya boş dayanma pulunu ödə, ya da malını boşalt" desək də buna əhəmiyyət vermir. Artıq dünəndən telefonlara da cavab vermir".

Üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinin "102 zəng xidməti"nə məlumat verdiyini bildirən şikayətçinin sözlərinə görə, bunun da heç bir faydası olmayıb: "Yəni, 102-yə zəngimizdən sonra da Telman adlı mal sahibi gəlib yükünü boşaltmır. Halbuki, o, beynəlxalq normalara görə, boş dayandığımız hər gün üçün bizə 100-150 dollar civarında məbləğ ödəməlidir. Ümid edirik ki, sizin yardımınızla üzləşdiyimiz problem öz həllini tapar".













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.