Azərbaycanda məktəbli forması ucuzlaşıb? - BTE-dən açıqlama

23-06-2023, 16:22           
Azərbaycanda məktəbli forması ucuzlaşıb? - BTE-dən açıqlama
Yeni tədris ili üçün Bakı Tikiş Evi məktəbli formalarının hazırlanmasına başlayıb. Hazırlanan formaların parçaları isə Türkiyə, Belarus və Özbəkistandan gətirilir.

Ötən gün dollar türk lirəsi qarşısında 4,8% dəyər qazanıb və 24,62 səviyyəsini keçərək yeni rekord həddini görüb. Avro isə 27,05 lirə səviyyəsini keçib. Lirənin ucuzlaşması isə parçaların daha aşağı qiymətə gətiriləcəyi və bunun da formaların qiymətində öz təsirini göstərəcəyi ehtimallarını artırır.

TEREF.AZ-ın məlumatına görə, Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin rəisi Etibar Əzimov Cebhe.info-ya açıqlamasında bildirib ki, parçalar yun materialında olduğu üçün qiymətlərin ucuz olacağı gözlənilmir:

“Üstəlik, biz parçaları əsasən Belarusdan gətiririk.Hazırlanan məktəbli formaları isə yun parçalardır. Yun parçalar isə bütün dünyada çox baha qiymətə satılır. Ona görə də biz burada minimum qiymət qoymuşuq.

Bu aldığımız parçaların da qiyməti bizə imkan vermir ki, qiymətləri ucuzlaşdıraq. Kimsə bunu ucuz edirsə, deməli, parçanın tərkibindən yunu çıxarır. Biz çox çətinliklə çalışırıq ki, qiymətlər qalxmasın. Gündən-günə hər şeyin bahalaşdığı vaxtda qiymətlər necə ucuzlaşsın?”

O bildirib ki, bu il daha bir rəngdə formaların tikişinə başlanılıb:

“Keçən il çatdıra bilmirdik, parçaları gətirə bilməmişdik. Bu il isə artıq 3-cü rəngin - açıq, tünd qəhvəyi rəngdə də formanın istehsalına başlamışıq. Bundan başqa, lazım olan qədər məktəbli forması tikəcəyik. Çünki keçən il buna görə böyük ajiotaj yaranmışdı. Amma bu il qışdan tikişə başladıq. Artıq 8-ə yaxın mağazamız açılıb. Çalışacağıq ki, formalardan digər satış mərkəzlərinə də göndərək.

Mağazalarımız işləyir, açıqdır. Amma mərkəzi mağazamızın qapısından bir adam da girmir. Hamı çıxıb gedəcək, tədris ilinin başlamağına bir neçə gn qalmış gələcəklər. Sonra da narazılıq edəcəklər. Sentyabrın 15-də dərs açılır, sentyabrın 12-də gəlib forma axtarırlar. Bu il çalışmışıq ki, heç kəs buradan əliboş qayıtmasın”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.