Ölkə Məryəm və Uğur adları ilə dolur - uşaqlara şəhidlərin adlarını verək!
29-09-2023, 10:06
Sosioloq: “Bəzən valideynlər dini adları qız övladlarına ona görə verirlər ki...”
Novator.az 2023-cü ilin populyar adlarının siyahısına nəzər salıb. Ədliyyə Nazirliyinin təqdim etdiyi statistikaya görə, yanvar-sentyabr aylarında 1190 qıza Zəhra adı verilib. Məryəm adı 1023, Zeynəb adı 975 uşağa məsləhət görülüb. İlk onluqda Aylin (958 uşaq), Nilay (837), Fatimə (823), Ayla (793), Mələk (772), İnci (659), Miray (591) adları da var.
Oğlan adları içində Uğur birincidir: bu adı doqquz ayda 1302 uşaq alıb.
Qalan populyar adlar belə sıralanır: Əli (1246 uşaq), Hüseyn və Yusif (1112), Məhəmməd (784), Ömər (752), Raul (750), Adəm (660), Murad (642), Ayxan (543).
Mütəxəssislər bildirir ki, adlar cəmiyyətdə mühüm rol oynayır. Yəni əslində adların seçilməsi ilk baxışdan sadə bir məsələ kimi görülsə də, çox mürəkkəbdir. Müasir dövrdə adların, səslərin özünün müəyyən energetikası var. Torsimer adlanan aparatlar adların və səslərin energetikasını ölçür. Qeyd edilir ki, insana ad veriləndə insan ömür boyu bu adla çağırılır, bu ad onun psixologiyasına, xarakterinin formalaşmasına mühüm təsir edir.
Qurani-Kərimdə də belə kəlmə var ki, uşaq anadan olanda valideynin ilk işi ona gözəl ad seçməkdir.
Vaxtilə Azərbaycanda İslam dinindən gələn adlar olsa da, türk mənşəli adlar daha çox üstünlük təşkil edirdi. Bu gün isə xüsusən də qızlara dini adların verilməsi kütləvi hal alıb. Bu dəbdir, yoxsa?
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb. Sosioloq qeyd edib ki, Azərbaycanda adların verilməsində bir neçə hadisələrin təsiri olub: “Məsələn, "Dədə Qorqud" eposunda görürük ki, insanlar adətən bəlli bir əməldən sonra ad qazanar və el ağsaqqalları, müdrikləri tərəfindən ona bu ad qoyulardı. Daha sonra isə İslam dininin bayraqdarlarının, onu yayanların, peyğəmbər və onun əhli-beyt şəcərəsindən olan insanların adları uşaqlara verilməyə başladı. Adların statistikasına baxanda görürük ki, əslində bütün dövrlərdə əksəriyyət dini adlar olub. Bu da şübhəsiz İslamın din olaraq Azərbaycan ailəsinə nə qədər təsir etdiyini göstərir.
Hesab edirəm ki, övladlarımıza verdiyimiz adlar daha çox türk əsilli, kökənli adlar olmalıdır, nəinki ərəb və digər toplumun adları. Əlbəttə ki, biz İslam ölkəsiyik, bu dinə sayğımız var, lakin bütün bunlara baxmayaraq, türk mənşəli adlara üstünlük verməliyik. Bəzən görürük ki, insanlar adlarına görə diskomfort yaşayır, buna görə müəyyən yaşdan sonra adlarından, soyadlarından imtina etmiş olurlar. Bu da onu göstərir ki, valideynlər bəzən adların qoyulmasında səhvlərə yol verir, ötərgi, təsadüfi, mahiyyətini bilmədiyi adları uşaqlara verirlər. Unudurlar ki, adlar uşaqları bir ömür boyu müşayiət edir, onların sosiallaşmasında, şəxsiyyət kimi formalaşmasında, cəmiyyət, ölkə, vətən üçün faydalı fərd kimi ortaya çıxmasında müstəsna xidmətləri var. Bəzən görürük ki, nənə, baba və yaxud ulu şəcərə adlarından uşaqlara ad qoyurlar ki, bunlar da bəzən zaman çağırışına uyğun gəlmir, hətta gülüş doğurur, replikalar üçün əsas yaradır. Bunun valideynlər bunun fərqində olmalıdırlar. Ümumiyyətlə, Azərbaycan tarixində kifayət qədər xidmətləri olan, onun şərəf tarixinə imza atan qəhrəmanlarımız igidlərimiz var. Onların adlarını şərəflə daşımaq, davam etdirmək lazımdır. Yəni uşaqlara onların adlarını vermək lazımdır, nəinki dini adlar. Çünki bu, Azərbaycanın öz tarixi, bu günü, gələcəyidir. Şübhəsiz ki, şəhidlərin, qazilərin adlarını daşıyan yeniyetmələr, gənclər bu adı daim doğrultmağa çalışacaq, vətənpərvər ruhda böyüyəcək, vətən, ölkə üçün sözün əsl mənasında vətən daşı olacaq.
O ki qaldı dini adlara, bu bir dalğa kimidir. Bəzən valideynlər dini adları xüsusən də qız övladlarına ona verirlər ki, övladları dini rəvayətlərdə olduğu kimi məsum olsun. Hətta müəyyən yaşda qızlarını hicab geyinməyə məcbur edir, bəzən təhsildən uzaqlaşdırırlar. Amma qızlarımız nə qədər təhsil alsa, müasir, qlobal, dünyanın çağırışlarına uyğun dünyagörüşləri olsa, bir o qədər həyatda uğur qazanarlar. Azərbaycan tarixində iz qoyan diplomat, qəhrəman, o cümlədən elm, təhsil sahəsində öz imzalarını qoyan innovativ düşüncəli xanımlarımız var, onların adları da körpələrə qoyulsa daha yaxşı olar. Bir daha qeyd edirəm ki, gənclərin formalaşmasında, sosiallaşmasında adlar bir kumir kimi töhfə verir. Bu baxımdan ad qoyarkən diqqətli olmalıyıq ki, uşaqlar nəinki adlarından utansınlar, əksinə, adlarına mayak kimi baxsınlar".