Banklara etibar qalmayıb: Əhali pulu özündə saxlayır - FAKT BUDUR!
29-11-2023, 17:08

Bu ilin 10 ayı ərzində (yanvar-oktyabr) Azərbaycanda dövriyyədə olan nağd pullar 1 milyard 628,8 milyon manat artaraq oktyabr ayının sonunda 16 milyard 343,2 milyon manata çatıb.
Bu barədə Mərkəzi Bank xəbər verir.
Ötən ilin sonunda Azərbaycanda dövriyyədə olan nağd pullar 14 milyard 714.4 milyon manata çatmışdı. 2021-ci ilin sonunda isə dövriyyədə olan nağd pullar 12 milyard 310 milyon manat təşkil etmişdi.
Təkcə oktyabr ayında dövriyyədə olan nağd pullar 185,5 milyon manat artıb. Oktyabrın sonunda dövriyyədə olan nağd pulların pul bazasında (19 milyard 955,3 milyon manat) xüsusi çəkisi 81,4% təşkil edir.
Ötən ilin sonunda bu nisbət 70,4 %, 2022-ci ilin sonunda isə 62,3 % idi. Qeyd edək ki, ölkədə nağd pulun dövriyyəsinin artması müxtəlif səbəbəblərlə izah edilir.
Bunun səbəblərindən biri kimi son vaxtlar ölkədə bəzi bankların lisenziyalarının ləğv edilməsi, eyni zamanda fiziki şəxslərin əmanətlərinin faiz gəlirlərinə vergi tətbiq olunması, yaxud bəzi vətəndaşların nağd pulla bağlı “yastıq altı”na üstünlük verməsi kimi amillər göstərilir.
Bəzi ekspertlər isə hesab edir ki, dövriyyədə nağd pul kütləsinin artmasına səbəb inflyasiya ilə bağlı manatın alıcılıq qabiliyyətinin aşağı düşməsidir.
Doğurdanmı, nağd pul dövriyyəsinin artması banklara olan güvənsizlikdən irəli gəlir?
İqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya bildirdi ki, müəyyən dövrlərdə uçot dərəcələri artır və bunun da səbəbi odur ki, inflyasiyaya qarşı mübarizə gedir:
“İnflyasiyanın səviyyəsi səngidikcə uçot dərəcələri azalır. Uçot dərəcələri azalanda pul kütləsi çoxalır. Hazırda pul kütləsinin dövriyyədə artması hər zaman inflyasiyaya dəstək olan bir məqamdır.
Ümumiyyətlə, noyabr ayında banklarda depozitlərdə azalma baş verib. Əgər 3 ay ardıcıl azalma olarsa, bu artıq təhlükəlidir. O zaman demək olar ki, bank sektorunda tənəzzül dövrü var. Ancaq indiki vəziyyətdə hər hansı problem yoxdur. Ümumilikdə vəsaitin banklarda saxlanması, nağdsız ödənişlər ən sağlam mühitdir.
Ancaq bu gün bizdə nağdsız ödənişlər üçün tam mühit formalaşmayıb. Bir çox yerlərdə hələ də əksər hallarda nağd ödənişə üstünlük verənlər var. Hətta kartla ödəniş etmək istədikdə bildirirlər ki, “kartdan-karta” ödəniş edin.
Yəni mahiyyətini anlamır ki, əgər kartla ödəniş edirəmsə, niyə “kartdan-karta” ödəniş edirəm. Nağdsız ödənişlərin üstünlükləri çoxdur.
Əgər Azərbaycanın iqtisadiyyatını gələcəkdə da sağlam görmək istəyiriksə nağdsız ödənişlərə üstünlük verməliyik”.