Əhalini yox, obyekt sahiblərini sevindirəcək qərar: - Cibləri dolacaq
5-12-2023, 18:05

Regional turizmin inkişaf etdirilməsi və onların sabit vergi xərclərinin azaldılması məqsədilə turizm subyektlərinə (mehmanxana, otel və sanatoriya) vergi təşviqləri veriləcək.
Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında mehmanxana (hotel) və sanatoriya fəaliyyətlərində istifadə edilən (Vergi Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırıldığı hallar istisna olmaqla) daşınmaz əmlaklara görə əmlak vergisi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə 75 faiz azaldılacaq.
Müzakirələrdən sonra dəyişiklik üçüncü oxunuşda qəbul edilib. Dövlət Turizm Agentliyinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn turistlərin sayı 1,6 milyon nəfər təşkil edib.
Bildirilib ki, ilin sonuna turist sayı 2 milyon nəfərə çatdırılacaq. Turizm sektorunda ÜDM 2,3 faiz olub. 2026-cı ilə daxili və xarici turistlərin sayının 10 milyona çatması hədəflənir.
Qeyd edək ki, turizm prioritet elan edilsə də hələ ki, bu sahədə istənilən nəticə əldə edilməyib.
Artıq bir neçə ildir ki, ölkədə turizmin inkişafı məqsədilə bir çox otellər tikilib, yeni turizm obyektləri istifadəyə verilsə də bu sektorda mövcud qənaətbəxş deyil. Xatırladaq ki, ölkədə turizmin inkişafı ilə bağlı hətta Turizm Yol Xəritəsi də hazırlanmışdı.
Ötən dövr ərzində ölkəmizə ən çox turist 3,5 milyon nəfər olmaqla 2019-cu ildə gəlib. Pandemiyadan sonra isə bu sahədə əvvəlki turist sayını bərpa edə bilmirik. Bunun isə müxtəlif səbəbləri var. Burada əsas səbəblərindən biri quru sərhədlərinin bağlı olmasıdırsa, digər səbəb yerlərdə turizm xidmətlərinin baha olmasıdır. Hətta turizm obyektlərində xidmətlərin baha qiymətə olması yerli əhali ilə yanaşı, xarici turistləri də bu səfərlərdən daşındırır.
Təsadüfi deyil ki, bir neçə il öncə ölkəmizə gələn ən çox ərəb turistləri olsa da, artıq bu istiqamətdə rəqəmlərdə azalma özünü göstərir. Bunun əsas səbəblərindən biri də məhz yerlərdə bahalığın olmasıdır. Hazırda isə yerlərdə turizm fəaliyyəti üçün istifadə edilən obyektlərə əmlak vergisi 75 faiz azaldılır.
Bu, ilk baxışda önəmli addım hesab edilir. Belə ki, turizm obyektlərində bu verginin aşağı olması elə təəssürat yaradır ki, turizmçilər artıq bununla bağlı güzəştlərə gedəcək, təklif edilən xidmətləri daha ucuz qiymətə təklif edəcəklər. Bu isə bölgələrə turist səfərlərinin sayının artmasına gətirib çıxaracaq.
Ancaq əslində heç də belə deyil. Yəni burada qazanan yenə də turizm obyektlərinin sahibləri olacaqlar. Çünki əmlak vergisi 75 faz azalsa da, otel sahibi xidmətləri yenə də əvvəlki qiymətə təqdim edəcək. Buradan isə görünən odur ki, yeni dəyişiklik də turist sayında artıma gətirib çıxarmayacaq və yaxın gələcəkdə turizmlə bağlı proqnozlaşdırılan rəqəmi ələ etmək mümkün olmayacaq.
Müəllif: Nigar Abdullayeva - Mənbə: “Cebhe.info”
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı