Təhlilçi Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizəni effektiv saymır

13-02-2024, 10:09           
Təhlilçi Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizəni effektiv saymır
Avropa Şurasının çirkli pulların yuyulmasına qarşı mübarizə orqanı olan MONEYVAL Azərbaycanı çirkli pulların yuyulmasına qarşı səyləri fəallaşdırmağa çağırır

MONEYVAL fevralın 12-də dərc etdiyi hesabatında Azərbaycan hakimiyyətini çirkli pulların leqallaşdırılmasına (PL), terrorçuluğun maliyyələşdirilməsinə (TM) qarşı mübarizə səylərini fəallaşdırmağa, qabaqlayıcı tədbirlərə və nəzarətə xüsusi diqqət yetirməyə çağırıb.

Hesabatda Azərbaycanın Maliyyə Tədbirləri üzrə İşçi Qrupu tərəfindən müəyyən edilmiş standartlara uyğunluğunun ətraflı qiymətləndirməsi təqdim edilib.

Sənəddə deyilir ki, 2014-cü ildə MONEYVAL-ın son qiymətləndirməsindən ötən müddət ərzində Azərbaycan PL və TM qarşı mübarizə üçün öz hüquqi və institusional bazasının möhkəmləndirilməsi üzrə bir neçə təşəbbüs həyata kçeirib, bu sahədə səmərəli sistem üçün zəmin yaradıb.

MONEYVAL Azərbaycanın terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə böyük irəliləyişini etiraf edir, hakimiyyətin terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayətləri uğurla araşdırdığını, bunun nəticəsində qiymətləndirmə dövrü ərzində yeddi ittiham hökmü çıxarıldığını vurğulayır.

Bundan başqa, ölkənin beynəlxalq əməkdaşlığının səmərəliliyi yüksək qiymətləndirilir, belə ki, Azərbaycan konstruktiv yardım göstərmək və yardım üçün müraciət etmək iqtidarında olduğunu nümayiş etdirir.

Lakin məruzədə çirkli pulların yuyulması haqqında işlərin səmərəli araşdırılmasında və məhkəmə təqibində ciddi təkmilləşdirmələrə ehtiyac olduğu qeyd edilir. Hüquq-mühafizə orqanları çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayətlərdən gələn gəlirlərin izlənilməsi və dəlil yığılması üçün maliyyə kəşfiyyatından istifadə etdiyi bir vaxtda operativ səviyyədə daha sıx daxili əməkdaşlığa ehtiyac var.

Bundan başqa, hesabatda araşdırmalarda və məhkəmə təqibində, xüsusilə yüksək təhlükəlilik səviyyəsinə malik olan cinayələrlə bağlı araşdırmalarda ardıcıllıq zərurəti vurğulanır.

Sənəddə qeyd edilir ki, çirkli pulların yuyulması haqqında bəzi işlər araşdırılsa da, əsas hüquqpozmaların aşkar edilməsi və hüquqi şəxslərin çirkli pulların yuyulmasına görə məsuliyyətə cəlb edilməsində təkmilləşdirilmə üçün imkanlar var.

Azərbaycanın aktivlərin müsadirəsi siyasəti qəbul edilib, lakin MONEYVAL öllkəni terrorçuluğun maliyyələşdirilməsi də daxil olmaqla, gəlir gətirən bütün cinayətlərlə bağlı aktivlərin izlənilməsi üçün sistemli şəkildə paralel maliyyə araşdırmaları aparmağa çağırır.

Hədəfli maliyyə sanksiyalarının tətbiqi nöqteyi-nəzərdən Azərbaycanın hüquqi bazası etibarlı hesab olunur. Lakin özəl sektorun sanksiyalar tətbiq etməsi və xüsusən yayılmanın maliyyələşdirilməsi məsələlərində nəzarətin adekvatlığı ilə bağlı narahatlıqlar qalmaqdadır.

MONEYVAL qabaqlayıcı tədbirlərin mütənasibliyini və qeyri-kommersiya təşkilatlarının qanuni fəaliyyətinin müdafiəsini təmin edərək, qeyri-kommersiya təşkilatlarının terrorçuluğun maliyyələşdirilməsi məqsədilə sui-istifadələrə yol verməsi riskinin azaldılması üzrə təcili tədbirlər görməyə çağırır.

MONEYVAL-ın fikrincə, maliyyə müəssisələrinə və qeyri-maliyyə müəssisələrinə və peşələrinə nəzarət fundamental təkmilləşdirmələr tələb edir. Nəzarət orqanları arasında risklərin başa düşülməsi fərqlidir və risklərin qiymətləndirilməsinə əsaslanan nəzarətə daha ciddi yanaşma tövsiyə olunur.

Azərbaycanın hüquqi şəxslərdən qanunsuz istifadənin qarşısının alınmasında uğur əldə etməsinə baxmayaraq, şəffaflığın təmin edilməsi üçün daha fəal tədbirlərə ehtiyac var. Hesabat verən təşkilatlara israrla siyasi təsirə malik şəxslərin və benefisiarların müəyyən edilməsi üçün zəruri tədbirlər görmək tövsiyə olunur.

Gələcək prosedurlar çərçivəsində Azərbaycanın MONEYVAL-a 2025-ci ilin dekabrına qədər çirkli pulların yuyulmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsində irəliləyiş haqqında məlumat verəcəyi gözlənilir.

Azad İqtisadiyyata Yadım İctimai Birliyinin sədri Zöhrab İsmayıl Amerikanın Səsinə bildirib ki, Azərbaycan çirlki pulların yuyulmasına qarşı mübarizədə bəzi beynəlxalq tövsiyələri nəzərə alır.

“Burada əsas məsələ odur ki, bank sistemindən istifadə edərək bir çox hallarda ölkənin daxilində mənbəyi müəyyən edilməyən pulları xarici banklara çıxara bilirlər. Xatırlayırsınızsa, “Azərbaycan pulyuyan maşını” adlı bir beynəlxalq hesabat var. Həmin hesabatda da göstərilir ki, bəzi deputatlar, yükəsk vəzifəli məmurlar mənbəyini təsdiq edə bilmədikləri pulları ölkədən çıxara biliblər. Bu onu göstərir ki, çirkli pulların yuyulmasına qarşı mübarizə olsa da, burada dırnaqarası istisnalar var. Belə ki, imtiyazlı şəxslər hələ də çirkli pulların yuyulmasından faydalana bilir”, o qeyd edib.

Çirkli pulların yuyulmasının qarşısının alınmasında hüquq mühafizə orqanlarının fəaliyyətinə gəlincə təhlilçi hesab edir ki, bu işlərin araşdırlmasında məhkəmə orqanları müstəqil deyil.

“Ölkədə məhkəmələr hələ də müstəqil deyil, hakimiyyət qolu kimi də zəifdirlər. Bu sahədə səmərəli işləri prokurorluq və təhlükəsizlik orqanları görə bilər. Onların da bu sahədə fəaliyyətləri çox da effektiv deyil”, Zöhrab İsmayıl qeyd edib.

Baş nazir Əli Əsədov 2 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanununa uyğun olaraq yüksək riskli zonaların müəyyən edilməsinin əsasları haqqında” qərar imzalayıb.

Beləliklə, yüksək riskli zonaların müəyyən edilməsinin əsasları aşağıdakılardır:

- BMT Təhlükəsizlik Şurasının, Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun qərarları;

- Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF), Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL), FATF tipli regional qurumlar (FSRB), digər ixtisaslaşmış beynəlxalq və ya regional təşkilatların dərc edilmiş qarşılıqlı qiymətləndirmə və ya təfsilatlı hesabatları, habelə tərəqqi hesabatları;

- FATF tərəfindən edilmiş ictimai bəyanatlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.