Rusiyanın Azərbaycanda avtomobil istehsalı qiymətlərə necə təsir göstərəcək?

4-04-2024, 00:01           
Rusiyanın Azərbaycanda avtomobil istehsalı qiymətlərə necə təsir göstərəcək?
Rusiyanın "AvtoVAZ" şirkəti Azərbaycanda "Lada" avtomobillərinin istehsalına başladığını açıqlayıb və 2024-cü ildə burada 1,5 min avtomobil yığmağı planlaşdırır. Qeyd edilib ki, bu ilin sonuna kimi Azərbaycanda "Niva" və "Vesta" modelləri də istehsal olunacaq.

Rusiya avtomobil markalarının Azərbaycanda istehsala başlaması rəqabət mühitinə necə təsir göstərəcək?

"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev mövzu ilə bağlı İqtisadiyyat.az-a açıqlama verib.

Onun sözlərinə görə, Rusiyanın Azərbaycanda avtomobil istehsalına başlaması istər qiymət, istərsə də kredit şərtləri baxımından "Lada" markasını əldə etmək istəyənlərə müəyyən fürsətlər verəcək.

E.Əliyev bildirib ki, bu, həmçinin "Niva" və "Vesta" markalı avtomobillərə də şamil olunacaq. "Lada", "Niva", "Vesta" markalarının ölkəmizdə kifayət qədər sevildiyini deyən E.Əliyev söyləyib ki, onların Azərbaycanda yığımı alıcılara bu avtomobilləri daha sərfəli və aşağı qiymətə əldə etmə imkanı verəcək:

"Praktikaya baxsaq, illər öncə Azərbaycanda Naxçıvan Avtomobil Zavodu (NAZ) istifadəyə verildi. Həmin zavodun istehsal etdiyi "Lifan" markalı minik avtomobilləri ölkədə yetərincə satıldı. Qiymət amilinin aşağı olması isə vətəndaşlara münasib məbləğə avtomobil almaq imkanı verdi. Son zamanlar biz müşahidə edirik ki, "Chevrolet" markalı avtomobillərin Azərbaycanda yığımı onların da sərfəli şərtlərlə satılmasına gətirib çıxarıb. Yəni vətəndaşlarımıza bu sahədə əlçatanlıq var".

İcraçı direktor həmçinin vurğulayıb ki, Rusiya avtomobil markalarının Azərbaycan bazarına daxil olması taksi sahəsində fəaliyyət göstərən insanlara müəyyən mənada müsbət təsir göstərəcək: "Taksilərlə bağlı yeni qərardan sonra tələblərə cavab verməyən "Prius" və digər markalı avtomobillərin əvəzinə, ölkəmizdə istehsal olunması, eləcə də ehtiyat hissələri və digər xarici brendlərə nisbətən daha ucuz olması baxımından "Vesta" modellərinin istifadəsinə təkan verəcək. Bu isə taksi sahəsində fəaliyyət göstərən insanlara müəyyən mənada müsbət təsir göstərəcək".

Nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov isə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, Rusiya avtomobil markasının Azərbaycanda istehsalı xaricdən ölkəmizə gətirilən avtomobillərin qiymətinə müəyyən təsir göstərəcək:

"Xaricdən, xüsusən də Avropadan Azərbaycana gətirilən digər nəqliyyat vasitələrinin qismən də olsa rəqabətə davamlılığı aşağı düşəcək. Yəni yerli istehsal olduqda, düşünürəm ki, qiymət daha münasib olacaq. Həmçinin iş adamları və şirkətlərin minik, yük nəqliyyat vasitələrini əldə etməkdən ötrü artıq gömrük rüsumu, daşınma haqqı ödəyib xaricdən ölkə ərazisinə gətirməyə ehtiyac olmayacaq. Hesab edirəm ki, bunun iqtisadiyyatımıza da kifayət qədər müsbət təsirləri olacaq".

Xatırladaq ki, "AvtoVAZ" Azərbaycanda "Lada" avtomobillərinin yığılması layihəsinə başlayıb və 2024-cü ildə burada 1,5 min avtomobil yığmağı planlaşdırır.

Sadiq Cavadov
iqtisadiyyat.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.