Sabir icra başçısı 185 min ödədi, iki müəssisə üzərindəki həbs qərarı qismən götürüldü

25-04-2024, 00:08           
Sabir icra başçısı 185 min ödədi, iki müəssisə üzərindəki həbs qərarı qismən götürüldü
Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun məhkəməsində iki müəssisə üzərindəki həbs qərarı qismən götürülüb.

“Report”un Qərb bürosunun məlumatına görə, məhkəmə iclası Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Prosesdə mülki iddiaçı Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsi “Abad Şəmkir” və “Şəmkir Səbət” MMC-nin sahibkarlıq müəssisələrinin üzərində yaranan borc iddialarının ödənildiyi üçün bu müəssisələrdən mülki iddianın və obyektlərdən həbsin götürülməsini xahiş edib.

Məhkəmədə bildirilib ki, 500 min manat ümumi borcun 185 min manatı ödənilib. Geridə qalan məbləğin ödənişinin isə aparıldığı qeyd edilib. Bunun müqabilində girov qoyulması vurğulanıb. Hakim mülki iddianı ləğv edib, sözügedən müəssisələrin üzərindən isə həbs qərarı qismən götürülüb.

Növbəti məhkəmə iclası mayın 23-nə təyin olunub.

Qeyd edək ki, prokuror Alimpaşa Məmmədovun 13 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.