“Bu vəsaitlər hansı formada və hara xərclənir?” - Cərimələrin qaldırılmasına ETİRAZ
13-06-2024, 16:29
“Cərimələrin bu qədər qaldırılması düzgün addım deyil. Mən bunu yanlış hesab edirəm”.
Bu sözləri Yenicag.az-la söhbətində Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O, parklanma qaydalarının pozulmasına görə müəyyənləşən yeni cərimələrdən söz açıb.
C. Məmmədovun sözlərinə görə, təəssüf ki, bu kimi addımlar və qərarlar ölkədə parklanma qiymətlərinə çox ciddi formada təsir göstərir:
“Yəni təsəvvür edin ki, əgər əvvəlki dövrdə ayda bir nəfər 30-50 manat parklanmaya vəsait ödəyirdisə, artıq bu vəsait gəlib 100-150 manat edir. Misal üçün hətta mən millət vəkiliyəm, millət vəkili kimi də gün ərzində biz müxtəlif tədbirlərdə oluruq. Hər parklanmanın da qiymətini hesablayanda, bu gəlib böyük bir vəsait edir. Bəzən bir tədbirdən çıxanda 5-7-8 manat, parklanmaya görə daha aşağı və daha çox vəsait ödəyirik. Burada söhbət həm küçələrdən, həm otellərin qarşısındakı yerlərdən, həm də xüsusi dayanacaqlardan gedir”, – deyə o bildirib.
Deputat qeyd edib ki, insanlar bu parklanmaya görə də vəsaitləri ödəyirlər.
“Yəni burada müvafiq strukturlara aydınlıq gətirilməlidir ki, parklanma qiymətlərinin bu qədər qaldırılmasının və eyni zamanda, nəinki parklanmanın, cərimələrin artırılmasının səbəbi nədir? Təəssüf ki, bizdə bir sıra tənzimləmə məqsədilə həyat keçirilən addımlar daha çox qiymətlərin qalxmasına səbəb olur. Taksilərin tənzimlənməsindən danışırıq. Əvvəl 2-3 manata gedilən yol artıq 10-15 manat edib. Parklanma qiyməti ilə bağlı tənzimləmədən danışırıq, söhbət edirik, amma baxırıq ki, son günlər vəsait xeyli qalxıb.Yəni siz harasa gedirsiniz, amma qiymətlər yerdən-yerə dəyişir”, – əlavə edib.
“Hesab edirəm ki, ümumiyyətlə, burda çox böyük vəsaitlərdən söhbət gedir. Yəni birinci bu vəsaitlər hansı formada və hara xərclənir, onunla bağlı bir izahatın verilməsinə ehtiyac var. Eləcə də bu cür qərarlar hansı zərurətdən irəli gəlir, onunla da bağlı da izahatı ortaya gətirmək lazımdır. Bu kimi məsələlər, addımlar insanlarda da ciddi narahatlıq və narazılıq yaradır. Fikrimcə, belə məsələlərdə diqqətli olmalıyıq və qərarlar qəbul edilərkən ölkədəki reallıq, habelə dəqiqlik nəzərə alınmalıdır”, – deyə deputat fikirlərini yekunlaşdırıb.