Ərdəbil vilayətində kəndlilər ətraf mühitə zərər verən zavodlara qarşı insan zənciri təşkil edib

21-07-2024, 10:44           
Ərdəbil vilayətində kəndlilər ətraf mühitə zərər verən zavodlara qarşı insan zənciri təşkil edib
Ərdəbil vilayətində kənd sakinləri bölgədəki qum-çınqıl istehsalı zavodlarının zərərli fəaliyyətlərinə etiraz olaraq insan zənciri təşkil ediblər.

Sosial şəbəkələr və yerli medianın yaydığı məlumata əsasən, Ərdəbil vilayətinin Xalxal şəhərindəki turistik Xəmis kəndinin sakinləri iyulun 16-da Aşura günündə mitinq keçiriblər.

Xalxal şəhəri ilə bağlı türk və fars dillərində xəbərlər yayan Khalkhalim.ir saytının yazdığına görə, etirazçılar həmçinin yazılı bir bəyanat dağıdıblar. Sayt etirazçıların bəyanatını dərc edib.

Bəyanatda deyilib ki, “biz turistik Xəmis kəndinin sakinləri məzlum kənd əhalisinin dinclik və rahatlığını pozan və təbii sərmayələrimizə böyük ziyanlar vuran qum yuyan zavodların və onlara bağlı mədənlərin dağıdıcı və çirkəndirici fəaliyyətlərinə kəskin etiraz və narazılığımızı elan edirik.”

Bəyanatda ətraf mühitə ziyan vuran zavodlar və mədənlərin fəaliyyətinə icazə verən dövlət qurumlarına da etiraz bildirilib.

“Kəndin ətrafında çoxsayda qum yuyan və asfalt zavodunun fəaliyyət etməsinə icazə verərək bu məzlum əhalinin haqqına girən cahil ya qərəzli məsullara da xəbərdarlıq edirik ki, artıq bu xalqın səbri tükənib. Biz qanuni yollardan şikayətimizi davam etdirib və bu icazələri imzalayanları məhkəməyə verəcəyik. Zavodlar qapadılıb və ya buradan köçürülənə qədər etiraz və fəaliyyətimizi davam etdirəcəyik,” deyə etirazçıların müraciətində yazılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.