Azərbaycanda bəzi reklamların məzmunları vahid mərkəzdən idarə olunacaq

23-07-2024, 15:04           
Azərbaycanda bəzi reklamların məzmunları vahid mərkəzdən idarə olunacaq
Qurum tərəfindən göstərilən xidmətlərin sahibkarlar üçün əlçatanlığını təmin etmək, vətəndaş məmnunluğuna nail olmaq əsas hədəflər sırasındadır.
Azərbaycanın reklam sektorunda kibertəhlükəsizliyin təmin olunması məqsədilə monitor tipli reklam qurğularında yayımlanan reklamların məzmunlarının vahid mərkəzdən idarə olunması planlaşdırılır.
Bunu Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Fərhad Adıgözəlov "Reklam bazarında yeniliklər və çağırışlar" mövzusunda keçirilən ictimai müzakirələrdə qeyd edib.
O vurğulayıb ki, qurum tərəfindən göstərilən xidmətlərin sahibkarlar üçün əlçatanlığını təmin etmək, vətəndaş məmnunluğuna nail olmaq əsas hədəflər sırasındadır. Bildirilib ki, sahibkarlar açıq məkanda reklamların yerləşdirilməsi zamanı müvafiq qaydalara əməl etməlidirlər. Reklam qurğularının müasir tipli yeni daşıyıcılarla əvəzlənməsi onların yerləşdirildikləri ərazilərin və binaların estetik görünüşünə xüsusi rəng qatmaqla yanaşı, şəhər və qəsəbələrin unikal tarixi simasını, milli koloritin qorunub saxlanılmasını təmin etməlidir, F. Adıgözəlov qeyd edib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov əlavə edib ki, əvvəlki illərdə reklam qanunvericiliyi barədə məlumatsızlıq bir çox hallarda cərimələrin tətbiq edilməsi ilə nəticələnirdi ki, bu da sahibkarların narazılığına səbəb olurdu. Lakin son dövrlər aparılan müşahidələrə əsasən artıq sahibkarlar reklam ödənişləri, qayda və prosedurlar barədə daha çox məlumatlıdırlar. Bu səbəbdən qurumlararası əməkdaşlıq və maarifləndirmə tədbirlərinin davamlı olması vacibdir. KOBİA-nın sədri reklam yerləşdirilməsi ilə bağlı KOB-lara münasibətdə imtiyaz və güzəştlərin tətbiqinin bu sahədə fəaliyyət göstərən və ya biznesə yeni başlayanlara stimul verə biləcəyini də qeyd edib.
Tədbirdə reklam bazarındakı mövcud vəziyyət, açıq məkanda reklamın yerləşdirilməsi, reklam sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklər müzakirə edilib, onların fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb.
Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, eləcə də biznes assosiasiyaların və reklam şirkətlərinin 80-ə yaxın təmsilçisi iştirak edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.