69 ölkədə qadağan olunmuş məhsuldan təkcə bu il Azərbaycana 330 ton gətirilib - TƏFƏRRÜAT
8-08-2024, 18:19
Bu ilin ilk 5 ayı ərzində Azərbaycana xaricdən 330 ton asbest gətirilib.
Yeniavaz.com xəbər verir ki, ölkəyə idxal olunan asbest ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artıb.
Belə ki, ötən ilin ilk 5 ayı ərzində xaricdən 132,2 ton asbest gətirilib.
Məlumat üçün bildirək ki, asbest Azərbaycana 2 ölkədən – Qazaxıstan və Rusiyadan idxal olunub. İlin ilk 5 ayında ölkəyə Qazaxıstandan 195 ton, Rusiyadan isə 135 ton asbest idxal olub.
Qeyd edək ki, əsasən tikinti sənayesində isttifadə olunan asbest olduqca təhlükəli maddə hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün növ asbestləri, o cümlədən ən çox yayılan xrizotili asbesti kanserogen (bədxassəli şişlərin yaranmasına səbəb olan) kimi təsnif edib.
Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi isə asbesti ən təhlükəli kanserogen maddələr qrupuna daxil edib.
Artıq dünyanın 69 ölkəsində, o cümlədən İran, Türkiyə, Ukrayna kimi region ölkələrində asbestdən istifdaə rəsmən qadağan edilib.
Onu da qeyd edək ki, 2012-ci ildə Azərbaycan Nazirlər Kabineti də asbest ilə bağlı yerli icra hakimiyyəti orqanlarına xidməti məktub göndərib. O dövrdə mətbuatda yer alan məlumatlarda bildirilirdi ki, yerli icra hakimiyyəti orqanları asbest örtüklü evləri siyahıya alır və onların dam örtüklərində ölçü işləri aparır. Mətbuata açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov deyib ki, asbest şiferlər günəş altında azot tərkibli kanserogen, zərərli maddələr buraxır:
“Ona görə də asbest şiferlərin yaratdığı problem gündəmə gəlib”.
Bunlardan başqa, Dövlət Gömrük Komitəsi təhlükəsiz emalı mümkün olmayan, tranzit daşınması, basdırılması və zərərsizləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasına gətirilməsi qadağan olunan təhlükəli tullantıların siyahısına asebsti də daxil edib.
Lakin qeyd etdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin siyahısında ölkəyə gətirilməsini qadağan edilən asebstin (Gömrük kodu – 252490) idxalı bu il 2,5 dəfə artıb.
Onu da qeyd edək ki, təhlükəli maddə hesab olunan asbestin idxalından əlavə, ölkə daxilində ondan tikinti materilallarının hazırlanmasında da istifadə olunur. Nümunə üçün bildirək ki, ölkənin aparıcı şirkətlərindən olan “T.Səfəroğlu” MMC asbest şiferlərin istehsalı və satışı ilə məşğul olur.