Filmlərimizdə idman mövzusu: Hansı idman növünə pis baxılırdı?
9-08-2024, 10:18
XX əsrin əvvəllərində Bakıda gimnastika, boks, güləş, həndbol, avarçəkmə və başqa idman növləri inkişaf etməyə başlayır. 1926-cı ildə boks üzrə birinci SSRİ çempionatı keçirildikdən sonra bu idman növünə maraq daha da artır və bu maraq Azərbaycan filmlərindən yan keçmir.
Müharibədə itkin düşmüş Saranın acı taleyindən və qürbətdə başına gələn macəralardan bəhs edən Əlisəttar Atakişiyevin "Bizim küçə" filmində də boksa xüsusi yer ayrılıb. Burada boks ustası Fuadın məşq prosesi və rinqdə necə qələbə qazandığı göstərilib. Bundan başqa, Şamil Mahmudbəyovun quruluş verdiyi iki qonşu arasındakı ixtilaf və məhəbbətdən bəhs edən "Romeo mənim qonşumdur" filmində də boks yarışı lentə alınıb. Arif Babayevin rejissoru olduğu "Uşaqlığın son gecəsi" filmində boksçu Rüstəm obrazı olsa da, digər iki filmdən fərqli olaraq rinq səhnəsi yoxdur.
Burada Rüstəmi canlandıran Səyavuş Şəfiyev real həyatda da boks üzrə müxtəlif yarışların qalibi olub. Əsasən sosialist ölkələrində geniş yayılan sambo idman növü keçmiş Sovet İttifaqında çekistlər tərəfindən yaradılıb. Muxtar Dadaşovun "Qanun naminə" filmində prokuror Mehman onu öldürmək istəyən Arifi sambo fəndləri ilə zərərsizləşdirir.
1964-cü ildə Tokioda keçirilən XVIII Yay Olimpiya oyunlarında tarixdə ilk dəfə olaraq karate oyunlar siyahısına salınır. Bu Olimpiadadan sonra karate bütün dünyada olduğu kimi SSRİ-də də böyük populyarlıq qazanır. 1981-ci ildə Daşkənddə karate üzrə ilk SSRİ çempionatı keçirilir. Elə həmin il Yuli Qusmanın "Qorxma, mən səninləyəm" filmi ekranlara çıxır.
Filmdə karate səhnələri geniş əks olunur. Hələ çəkilişlərə başlamamış Yuli Qusman çəkiliş meydançasında qeyri-peşəkar kimi görünməmək üçün özü də karate dərnəyinə yazılır. Filmdə karate səhnələrində çəkilənlərin əksəriyyəti həmin dərnəyin üzvləridir.
1987-ci ildə Cahangir Mehdiyevin "Kişi sözü" filmində rejissorun özü "kulturist" obrazını canlandırır. Sovet dövründə trenajorla məşğul olub bədən şişirdənlərə qarşı isti münasibət göstərilmirdi. Elə bu səbəbdən filmin baş qəhrəmanı Qasım Niyaza "kulturist" deyərək onunla məzələnir.
Ətraflı Baku TV-nin süjetində: