"Uşaq oyuncağı"na çevrilmiş ailələr... - "uşağı oyuncağa çevirən" valideynlər...
10-08-2024, 09:06
Bir neçə gün əvvəl sosial şəbəkələrdə bir qadının öz övadını satması ilə bağlı xəbərlər yer aldı. Ana canlı yayım açmış və övladını satmaq istədiyini qeyd etmişdi. Bu xəbərdən sonra dövlət qurumları hərəkətə keçdi və uşaq qadından alındı. Ötən gün isə, həmin qadın efirlərə çıxarılanda peşman olduğunu və övladını geri istədiyini qeyd etdi. Qadın siqaret çəkdiyini etiraf etdi. Eyni zamanda qollarında böyük yara izlərinin olduğu aydın şəkildə görünürdü. Və qeyd edirdi ki, uşağın atası uşaqdan imtina edib, o isə ikinci dəfə ailə həyatı qurub. Uşağı niyə satmaq istədiyini soruşduqda isə, qadın müxtəlif cavablar verirdi. Əvvəlcə dedi, istədim ona yaxşı baxsınlar, sonra dedi ki, onsuzda satmayacaqdım və s. Ancaq danışığından, davranışından qadının əqli cəhətdən də geri olduğu hiss edilirdi. Yoxsa ağlı başında olan bir ana övladını niyə satmaq istəsin və bununla bağlı sosail şəbəkədə video çəkib paylaşsın ki?
Bir müddət əvvəl də qarşıma bir video çıxmışdı, qadın övladının üstünə qışqırırdı. Sonra da canlı yayımda deyirdi ki, ağlı olsaydı uşaq dünyaya gətirməzdi və bunun əvəzinə 5 qoyunu olardı, kəsib kabab kimi yeyərdi. Bu cür insanların sıralarımızda var olması və artması təbii ki, acınacaqlıdır. Desək ki, əvvəllər bu yox idi, yalan demiş olarıq. Əvvəllər bu çirkinlikləri ortaya çıxaran sosial şəbəkələr və "azadlıq" yox idi. Bu gün sosial şəbəkələr hər kəsin üzünə açıqdır və insanlar hüquqi tərəflərini düşünmədən istədiklərini, düşündüklərini çəkib paylaşırlar.
Uşağını satmaq istəyən “ana”- Nəzrin Qurbanovun jurnalist qarşısında davranışları hiss etdirirdi ki, cəmiyyət üçün yararlı övlad yetişdirmək qabiliyyətlərinə malik deyil. Buna baxmayaraq, sözügedən süjetdə vəkildən də açıqlama alınmışdı. Vəkil deyirdi ki, əgər Nəzrin Qurbanova övladını geri istəyirsə, bunun üçün məhkəməyə müraciət etməlidir. Amma uşağın belə bir ailə şəraitində və ya belə bir ana tərəfindən böyüdülməsindənsə, dövlət himayəsində böyüməsi cəmiyyət üçün daha yararlı olar. Əgər bir ana özünü idarə etmək qabiliyyətinə malik deyilsə, övlad da böyüdə bilməz. Bu gün övladını satışa qoyan qadın, sabah onun bu həyatda olmaması ilə bağlı da qərar verə bilər. Dəfələrlə bu kimi hadisələrə şahid olmuşuq.
İnsanların planlaşdırılmamış münasibətləri, sonradan dünyaya gələn uşaqların həyatına mənfi təsir edir. Uşaqlar isə cəmiyyətin gələcəyidir. Sağlam cəmiyyət sağlam fərdlər üzərində formalaşır. Etiraf etməliyik ki, uşağın tərbiyəsinə ana böyük rol oynayır. Ana da özünü idarə edə bilmirsə...
Elə bilirsiniz ki, Nəzrin kimi qadınlar cəmiyyətimizdə azdır və ya barmaqla sayılacaq qədərdir? Xeyr! Uşağını başqalaırna "pay" edən, pul qarşılığında satan, küçəyə atan, az yaşında işləməyə məcbur edən qadınlar, valideynlər var ki... Belə analardan uşaqlarını alınmalı və xüsusi tərbiyə edilib, cəmiyyət üçün daha yararlı fərdlərə çevrilməsinə dəstək göstərilməlidir.
İradə Cəlil, Bizimyol.info