"Ora Petradan sonra ikinci yeraltı şəhər idi" - "20 Yanvar" ərazisindəki xaosa nəhayət, "əl gəzdirilir"
3-09-2024, 18:35
Bakının "yeraltı şəhəri" artıq nizama salınır. Söhbət "20 Yanvar" ərazisindən gedir.
Belə ki, uzun illərdən sonra 20 Yanvar Metrostansiyasının keçidlərindəki ticarət obyektləri qapadıldı. Bakının həm piyada, həm də avtomobil sıxlığının ən çox müşahidə olunduğu ərazilərindən hesab olunan "20 Yanvar" ərazisində avtomobillərin və piyadaların rahat hərəkətinin təmin edilməsi üçün zəruri işlər aparılır. Nəqliyyat üzrə mütəxəssis Rauf Ağamirzəyev bu haqda qeyd edir ki, artıq 20 yanvar dairəsindəki xaos nizamlanır: "Metro stansiyanın yeraltı keçidlərində mağazaların işi dayandırılır. Bundan öncə dairəyə doğru Tbilisi prospektində ayrılmış avtobus zolağı təşkil edilib" - deyə, ekspert bildirib.
İlkin Əhmədov qeyd edir ki, bu ərazidə sakit keçən bir gün olsa, demək ki, həqiqətən də inkişaf edirik: "20 yanvardan əsəbiləşmədən, siqnal səsi eşitmədən, normal keçdiyimiz gün inkişaf etməkdə olan ölkələr siyahısına girəcəyimiz tarixi gün olacaq".
Həmçinin, adıçəkilən ərazini məşhur tarixi yeraltı şəhər olan Petra ilə müqayisə edənlər belə var: "Ora Petradan sonra ikinci yeraltı şəhər idi"... "20 Yanvar"-dakı xaos vəziyyətinin illər sonra bir gün ərzində nizamlanması onu göstərir ki, əgər məqsəd bir problemi həll etmək olsa, buna bir gün ərzində nail olmaq mümkündür.
Adıçəkilən metrostansiyası ətrafındakı dəyişikliyi "tarixi hadisə" kimi qeyd edənlərlə yanaşı, keçidlərdə ticarətlə məşğul olan şəxslərin bundan sonrakı taleyi barədə sosial şəbəkə istifadəçiləri öz narahatlıqlarını bildirirlər. Bəşir Allahyar soruşur ki, illədir çörəyini ordakı obyektlərdən qazanan vətəndaşlar indi haradan və necə pul qazanacaqlar: "Bağlanmağı çox gözəl oldu. Bəs satıcılara başqa yerdə yer ayrıldımı ki, onların iş yerləri bərpa olunsun, çöldə qalmasınlar. Çünki onların da ailələri var, uşaqları var, xəstələri var. Bu adamlar necəsə pul qazanmalı deyilmi? Ritorik sualdır".
Yeri gəlmişkən, məlumat üçün qeyd edək ki, "20 Yanvar"-dakı obyektlərin kimə və ya hansı quruma məxsus olması elə indinin özündə də "sirr" olaraq qalır. Metrostansiya rəhbərliyi və yerli icra hakimiyyəti bu obyektlərin onların balansında olmadığını bildirirlər.