Metakainat iqtisadiyyatı
12-09-2024, 10:08
Baxiram ki, 4SİM rəhbəri Fariz müəllim bu dəfə lap gül vurub
Qurum artıq tədbirlərində “metakainat iqtisadiyyatı” terminindən istifadə edir.
Xatırladıram ki, ötən il təşkil olunan tədbirdə 4SİM, auditoriya üçün nə qədər təəccüblü görünsə də, "rəqəmsal iqtisadiyyat" əvəzinə “yeni nəsil iqtisadiyyatı” terminindən istifadə etmişdi.
Görünən odur ki, qurumlar arasında “rəqəmsal” və “rəqəmsal iqtisadiyyat” sözləri uğrunda mübarizə hələ bitməyibmiş.
Mən də elə bilirəm ki, artıq bütün mərkəzi icra qurumları səylərini vahid nöqtəyə yönəldiblər və öz səlahiyyətləri çərçivəsində konkret və daha faydalı işlərlə məşğuldurlar,
Məhz bu tip usandırıcı və bezdirici, mənasız intriqalar ucbatından da çox ləngiyirik.
Qonşu ölkələr süni intellekt sahəsində hədsiz irəliləyiblər, özləri üçün süni intellektin böyük dil modellərini yaradıblar. Biz ChatBot hazırladığımız zaman onların müxtəlif sahələrdə real tətbiq edilən süni intellekt layihələri var.
Biz illərdir ki, hələ də süni intellekt sahəsi üçün zəruri olan, hamının istifadə edə biləcəyi adi bir dil korpusunu, hamının faydalana biləcəyi super kompüter mərkəzini formalaşdıra bilməmişk.
Bir yanda RİNN-nin "Rəqəmsal transformasiya" konsepsiyası “razılaşdırmadadır” açıqlaması ilə 3 ildir ki ortada fırlanır, digər tərəfdə isə İN “Rəqəmsal iqtidasiyyat” konsepsiyası uğrunda “vuruşur”.
Eyni "vuruşma" Azərbaycanda süni intellektin inkişaf xəttini müəyyən edəcək “Süni intellektin inkişafı” strategiyası ilə də bağlıdır.
Müşahidələr onu göstərir ki, yetərincə sanballı ola biləcək potensiallar, bacarıqlar və təcrübələr daha çox mənasız qısqanclığa və mənasız tədbirlərə, reallığa söykənməyən təkrarlanan açıqalmalara yönəldilir.
Demək olmaz ki, heç nə edilmir. Əsla.
Ədalət naminə deyim ki, öz resursları az olan elə 4SİM də əvvəlkindən xeyli aktiv görsənir.
Amma təəssüf ki sektorda çəkic bir nöqtəyə vurulmur, səylər birləşdirilmir. Faydası az olanlara, reallıqdan uzaq olanlara, görüntü yarada biləcək tədbirlərə üstünlük verilir.
Nəticədə isə əldə edə biləcəklərimz və qazandıqlarımız gözlədiyimzidən, mövcud potensialımızdan xeyli az olur.
Çox təəssüfləndirici haldır.
Osman Gunduz
TEREF