İnternetin sürətindən narazı olanların nəzərinə: - 3 gün vaxtınız qalıb, cərimələnəcəksiz

13-09-2024, 00:07           
İnternetin sürətindən narazı olanların nəzərinə: -
15 sentyabrdan sonra internetdən imtina edənlərin müraciəti qəbul edilməyəcək və əgər imtina olarsa, onda həmin abunəçi cərimələnəcək.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu "Azərbaycan İnternet Formunun" rəhbəri Osman Gündüz internetin qiymətinin bahalaşmasından sonrakı vəziyyəti şərh edərkən deyib.
"Bölgələrdə internetden imtina edənlərin və şərikli internet istifadə edənlərin statistikası indiyədək açıqlanmayıb. Hər bir bölgədə çox sayda abunəçilər modemləri qaytararaq internetdən imtina edirlər. "Şərikli internet"ə daha çox əhali sıx yaşayan yerlərdə üstünlük verilir. "Aztelekom" isə bildirib ki, qiymət artımından bir ay sonra, yəni 15 sentyabrdan sonra internetdən imtina edənlərin müraciəti qəbul edilməyəcək və əgər imtina olarsa, onlar cərimələnəcək. Çünki, abonent bir il istifadə edəcəyi ilə bağlı müqaviləyə imza atıb. Abonentin isə bundan xəbəri yoxdur" - Osman Gündüz bildirib.
Onun sözlərinə görə, qanunazidd formada tərtib olunaraq imzalatdırılan müqavilələrin hər hansı hüquqi əsası yoxdur:
"Gözlənildiyi kimi "Aztelekom"un hər abonentə minimal 100 Mb/s sürət iddiası iflasa uğrayıb. Açıqlanan məlumatlardan göstərir ki, təqdim edilən sürətlər müqavilədə nəzərdə tutulanlardan xeyli aşağıdır. Bununla bağlı İKTA -ya və Antiinhisara da xeyli şikayətlər daxil olur. Sektorun tənzimləyici qurumu olan İKTA indiyədək bir dəfə də olsun bu məsələyə münasibət bildirməyib, daxil olan kütləvi şikayətlər və kütləvi imtinalarla bağlı heç bir açıqlama verməyib. Bir dəfə də olsun "Aztelekom" monitorinq aparmayıb ki, görsün bu qurum hər bir abonetə 100 Mb/s sürət verə bilir, yoxsa onun ümumiyyətlə belə bir texniki imkanı yoxdur. Əgər bunlar olmayacaqdısa, operatorlar və provayderlər öz bildiklərini edəcəkdisə, onda yüzlərlə işçisi olan bu tip tənzimləyici qurum yaratmağa, onu saxlamağa ehtiyac vardımı?"
Osman Gündüz onu da əlavə edib ki, tənzimləyici qurumun provayderlər qarşısında bu dərəcədə aciz durumda qalacağına inanmaq çətindir. Çünki ötən gün Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti təbii inhisar subyektlərinin nümayəndələrini yığaraq bir daha yeni Rəqabət Məcəlləsinin yeni tələblərini onlara çatdırıb. Amma buna baxmayaraq, "Aztelekom" qanuna məhəl qomur.
Qeyd edək ki, bu aydan etibarən əhali internetin qiymətini yeni, artan tariflə ödəsə də, internetin minimal sürəti 100 Mbit/saniyəyə çatmayıb. Abunəçilər sosial şəbəkələrdə internetin qiyməti bahalaşandan sonra sürətinin nəinki artdığı, hətta aşağı düşdüyünə dair şikayət dolu statuslar paylaşırlar. Onu da xatırladaq ki, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlayıb.
Hazırda 100 Mbit/saniyə optik internetin qiyməti 27 manatdır. Minimum sürət ölkə üzrə bütün abunəçilərə təqdim olunur. Amma abunəçilər 32 manat ödəməklə 150 Mbit/s -ə qədər, 38 manat ödəməklə isə 250 Mbit/s -ə qədər internet ala bilərlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.