"Sökülən binalardan çıxarılan sakinlərin tikinti şirkətindən tələbləri qanuna uyğun dəyərləndirilir"
13-09-2024, 09:34
Paytaxtda qəzalı vəziyyətdə və yaşayış şəraitinə yetərli cavab verməyən çoxsaylı köhnə yaşayış binaları və yataqxanalar mövcuddur. Hansı ki, biz bu yaşayış binalarının mərhələli şəkildə söküntüsünə şahid oluruq. Qəzalı, köhnə, yararsız vəziyyətdə olan normal yaşayış binaları, həmçinin yataqxana tipli binaların söküntüsü zamanı bina sakinlərinin tikinti şirkətləri və ya dövlət qurumları ilə ciddi problemlərin, hətta qarşıdurmaların olması da acı reallıqdır...
Hər iki tərəfin yaşadığı qarşılıqlı anlaşılmazlıqlar problemin daha da böyüməsinə səbəb olur ki, bu da nə bina sakinləri, nə də söküntü aparan şirkət və ya dövlət qurumu üçün arzu olunan hal deyil.
Qeyd olunan hallarla rastlaşan vətəndaşların hüquqları nədən ibarətdir?
Qanunvericilikdə belə söküntülər zamanı vətəndaşa ödəniləcək kompensasiyanın standart miqdarı nə qədərdir?
Yaşayış binası hər hansı qurumun balansına daxildirsə, bu zaman hansı zəruri addımlar atılmalıdır?
Qurum, zavod və ya şirkət balansında olan binalar vətəndaşın mülkiyyətinə keçirilibsə, bu zaman tikinti şirkəti ilə vətəndaş arasında razılaşma hansı şərtlərlə aparılır?
Bu və digər suallarla əlaqədar əmlak məsələləri üzrə mütəxəssis Elnur Fərzəliyev Bizimyol.info xəbər portalına şərh bildirib.
"2016-cı ildən başlayaraq, bu günə qədər paytaxt Bakı şəhərində istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarının və fərdi yaşayış yerlərindən ibarət olan yaşayış massivlərinin söküntüləri davam edir. Bir çox köhnə tikililər sökülərək, yeni binalarla əvəzlənib. Söküntülər daha çox iki formada aparılır: Dövlət tərəfindən aparılan söküntü - o ərazilərin dövlət ehtiyacı üçün alınması. Əgər bir ərazi dövlət ehtiyacı üçün alınırsa, orda hər hansısa bir park və avtomobil yolları genişləndirilməsi, inzibati binanın tikintisi və sair üçün istifadə olunursa, o zaman vətəndaşların əmlakları bazar dəyəri ilə dəyərləndirilir və 20 % artıq kompensasiya verilərək vətəndaşlar digər ərazilərə köçürülür. Yəni vətəndaşlara ödənilən pulla vətəndaş özü istədiyi ərazidən mənzil almaq hüququna malikdir.
İkincisi isə özəl sektor tərəfindən aparılan söküntü - bu zaman tikinti şirkətləri vətəndaşlara kompensasiya olaraq pul yox, daha çox tikdikləri binalardan mənzillər təqdim edir ki, şirkətin vətəndaşa verdikləri mənzilin bazar dəyəri vətəndaşın keçmiş mənzilindən daha baha qiymətə dəyərləndirilir. Vətəndaşlara yeni tikili binalardan əvəzləşmə olaraq mənzil verilərkən, onlara mövcud sahəsindən daha böyük 20 % və bəzən də 30-40 % daha böyük ümumi, tam təmirli mənzillər verilir və onlara yeni tikili binalardan mənzil təqdim olunan günə qədər kirayə və köç xərcləri tikinti şirkətləri tərəfindən qarşılanır.
Əgər sözügedən çoxmənzilli yaşayış binası yataqxana tipli bina hər hansı bir müəssisənin balansındadırsa və vətəndaşların mülkiyyətinə köçürülübsə, bu halda vətəndaşlara onun yerinə tikiləcək binalardan mənzillər təqdim olunmalıdır. Təbii ki, yataqxanalarda ümumi sahələr az olduğu üçün bu tip az kvadratlı mənzillərin tikilməsi, tikinti şirkətləri üçün sərfəli deyil, həmçinin vətəndaşlar üçün də. Lakin mövcud qanunvericiliyə əsasən, hər hansı bir ərazidə əmlak sökülürsə, onların qiymətləndirilməsi, yaxud mənzillə əvəzləşdirilməsi həmin yaşayış sahəsinin ümumi ölçüsündən 20 % artıq kompensasiya ilə əvəzləşir. Yaxud əgər şirkət vətəndaşa tikəcəyi binadan mənzil verə bilmirsə, həmin vətəndaşın mənzilinə ən yaxın məsafədə o tipli bir mənzil alması üçün kompensasiya ödəməlidir. Burda yenə də həmin mənzilin ümumi dəyərini ödəməklə, 20 % artıq kompensasiya vətəndaşa ödənilməlidir.
Əgər hansısa çoxmənzilli yaşayış binası aidiyyəti qurumlar tərəfindən qəzalı kimi qeydə alınıbsa, demək ki, həmin binada təhlükə var və vətəndaşların oradan köçürülməsi mütləqdir. Əgər bina qəzalıdırsa və hər hansı bir tərpəniş, zəlzələ, təbii fəlakət nəticəsində orada insan tələfatı və ya dağıntı baş verərsə, təbii ki, burada vətəndaşlara hansısa bir formada təklif olunursa, məsuliyyət vətəndaş üzərində qalır.
İstənilən halda, vətəndaşa ödənilən kompensasiya pul vahididirsə, vətəndaşların mənzilinin bazar dəyəri qiymətləndirilir və 20 % artıq kompensasiya ödənilir, yaxud həmin ərazidə əmlak ala biləcək məbləğ ödənilir və ya sökülüb, tikilən binanın yerindən vətəndaşa mənzil verilir. Mənzillər də ölçülərkən vətəndaşın mənzilin ümumi sahəsindən 20 % daha artıq sahə ilə mənzillər təqdim olunmalıdır. Şirkətlər 20 % əvəzinə daha böyük sahələr də verə bilərlər, minimal ölçü vahidi isə 20 % hesablanır" - deyə, mütəxəssis əlavə edib.
Mətin Şükürlü, Bizimyol.info