Tibbi sığorta paketinə daha hansı sahələr əlavə edilməlidir? (AÇIQLAMA)

7-11-2024, 16:54           
Tibbi sığorta paketinə daha hansı sahələr əlavə edilməlidir? (AÇIQLAMA)
"Bu gün icbari tibbi sığorta paketinin genişləndirməkdən daha çox onun effektiv işləməsinin qayğısına qalmalıyıq".

TEREF bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla neyrocərrahiyyə və oftalmoloji xidmətlərin icbari sığorta paketinə əlavə olunması ilə bağlı təklifi şərh edərkən deyib.

Ekspert bildirib ki, həkimlər fiksə olunmuş maaşlar sistemi ilə təmin edilməlidir:

"Tibbin önəmsiz sahələri yoxdur. Tibbin bütün sahələri önəmlidir. Bütün bunların hər biri genofondun sağlamlığının təmininə yönəlib. Hər sahənin də öz önəmi var. Onkologiya, oftalmologiyanın, neyrocərrahiyyə, qarşın boşluğu cərrahiyyəsinin önəmi böyükdür".

Adil Qeybulla icbari tibbi sığortanın əsas hədəflərini açıqlayıb:

"Tibb işçilərinin həyat səviyyəsinin yüksəldilməsi, peşəkarlığını artırmaq və vətəndaşa keyfiyyətli tibbi xidmət göstərmək. Bu zaman randevu sistemi olmalı və insanlar səliqə ilə növbəyə yazılıb müayinəyə gəlməlidir. Yalnız təxirəsalınmaz xəstələr xüsusi xətlə xəstəxanaya müraciət edirlər. İkincisi, həkimlərin ayrı-ayrı maaşları olmalıdır, bonus sistemi tamamiylə yığışdırılmalıdır. Maaşlara əlavə ödənişlər bayram və bazar günü və s. kimi xidmətlərlə bağlı ola bilər. İcbari Tibbi Sığorta paketi effektiv çalışmalıdır".

Professor prosesin mərhələ-mərhələ getməsinin daha məqsədəuyğun olduğunu qeyd edib:

"Randevu və həkimlərin maaşı ilə bağlı məsələnin bu şəkildə qoyulması yalnış addım olub. Heç olmasa indi bunun qeydinə qalmaq lazımdır. Müzakirələrdə iştirak edənlər bu təklifləri də unutmamalıdır. Bu təcrübə dünyanın əksər ölkələrində olduğundan yaxşı olar ki, onların tibb xidməti modellərinə müraciət edək".

Qeyd edək ki, icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin yenilənməsi məqsədilə təşkil edilən növbəti ictimai müzakirələrdə Azərbaycan Neyrocərrahlar Assosiasiyası və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin üzvləri də qatılıb. Müzakirələrin məqsədi neyrocərrahiyyə və oftalmoloji xidmətlərlə bağlı yenilənəcək Xidmətlər Zərfində həkimlərin gözləntilərini və fikirlərini öyrənmək məqsədi daşıyıb.
Bahar Rüstəmli












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.