Əvvəllər müharibələr istirahət günlərində başlayardı, indi də kiberdələduzlar cinayəti bilərəkdən həftənin sonuncu iş günlərinə, yaxud bayram günlərinə salırlar
Bu gün, 10:34
Təəssüf ki, yenə də köhnə metodla, bank əməkdaşı adından zəng edilməklə kiberdələduzluq baş verib.
Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev ailənin bank kartından 80 min manat oğurlandığını bildirib.
DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb.
İndi necə olacaq ?
Dərhal qeyd edim ki, əgər pulun köçürülməsi yerli bank kartlarına olubsa düşünürəm ki, artıq cinayətkar hansısa polis bölməsinə gətirilib.
Çünki, xatırladıram ki, ötən il DİN-in Kibercinayətkarlıqla Baş İdarəsi və ölkənin bütün bankları arasında bir anlaşma imzalanıb.
Bu anlaşmaya görə Baş İdarə və banklar arasında real vaxtda informasiya mübadiləsi baş verir və bunun əsasında zəruri məlumatları dərhal əldə edən polis üçün cinayətkarı yaxalamaq elə də problem olmur.
Lakin kartdakı pulun köçürülməsi xarici hesablara, yaxud da kiptovalyuta hesablarına olubsa, bəli, burada araşdırmalar uzun çəkə biləcək.
Əgər bank tez bunun üzərinə düşübsə, ən yaxşı halda "chargeback" yoli ilə vəsaiti geri çağırmaq mümkün ola bilər.
Ən pis variantda isə bizim də qoşulduğumuz mövcud konvensiyanın şərtləri əsasında xarici ölkənin bankları, kriptovalyuta birjaları, ölkələrin polis qurumaları, İNTERPOL, Europol və s. qurumlar prosesə qoşulmalıdır ki, bu da zaman alan bir prosesdir.
Əgər cinayətkar anonim kripto cüzdanlardan istifadə edibsə və ya kriptovalyuta platformasında yüksək səviyyədə anonimlik təmin edilirsə, araşdrımalar daha da çətinləşir.
Bildiyim qədər son zamanlarda Baş İdarə qonşu ölkələrin müvafiq qurumları ilə əlaqələri gücləndirib, bu istiqamətdə bir neçə uğurlu əməliyyatlar keçiriblər.
Açıqlanan məlumatlardan görsənir ki, Kiber polis ötən müddət ərzində həm profilaktika , həm də kiber cinayətkarlığa qarşı mübarizədə xeyli irəliyə gedə biliblər.
Ümid edirəm bu cinayətin də üstünü tez aça biləcəklər.
Nəticə.
Dəfələrlə dediklərimzi bir daha təkrarlayırıq ki, fərdi məlumatları, bank məlumatlarını qorumaq həm də vətəndaşın borcudur.
İndiki halda birbaşa bankı günahlandırmaq da doğru olmazdı. Çünki cinayət hansısa bir kiber hücum, fişinq, ziyanlı proqramla bank hesabının dağıdılması ilə reallaşmayıb axı.
Vətəndaş özü könüllü olaraq icazə verib ki, vəsait köçürülsün.
Əlbəttə, banklar bank fırıldaqçılıqları ilə bağlı maarifçilik işlərini təşviq etməlidir, müştərilərini tez-tez məlumatlandırmalıdır. Banklar bu prosesə resurslar ayırmalıdır.
Bir daha vurğulamaq istərdik ki, hansıa bank müştərisinə zəng edib hansıa bir əməliyyat aparmır. Daxil olan SMS kodlarla bağlı bank heç zaman vətəndaşdan nəsə sorğulamır
Belə formada zənglər olanda vətəndaş dərhal polisə, 102-yə məlumat verməlidir.
Ümumiyyətlə, bu tip hallarla bağlı Mərkəzi Bankın, Banklar Asosiasiyasının müştəriləri qorumaq üçün hansısa bir sığorta fondu formalaşdırması da faydalı ola bilərdi.
Vətəndaşları bu istiqamətdə daha anlaşıqlı formada maarifləndirmək üçün çatbotlar hazırlamaq da faydalı olar.
İndi qonşu ölkələrdə QR-kod vasitəsilə həyata keçirilən kibercinayətlər hədsiz çoxalıb. Adətən qonşu ölkələrdə olanlar müəyyən müddətdən sonra bizə də gəlib çatır.
QR-kod –ların oxunması təklif olunarkən, hansısa yerlərdə bu tip kodların şirnikləndirici reklamlarına rast gəldikdə ehtiyatlı olmaq lazımdır. Onların yönləndirildiyi saytlar vasitəsilə fərdi məlumatlar ələ keçirilə bilir
Osman Gunduz
TEREF