Azərbaycanın fundamental iqtisadi problemləri dərinləşir – dəyişən dünyada tezliklə öz yerimizi, yolumuzu tapmasaq.... İqtisadçı ekspert
18-02-2025, 11:18

Başımız qarışıb Dünyada baş verənlərə (bu da önəmlidir), amma bilməliyik ki, Azərbaycanın fundamental iqtisadi problemləri dərinləşir – dəyişən dünyada tezliklə öz yerimizi, yolumuzu tapmasaq, ölkə olaraq ciddi çağırışlarla üzbəüz qalacağıq.
Hökumət isə hələ komfort zonadadır, problemlərin kökünü görmür, “Ağ Fil” layihələri ilə özünün və bizim başımızı qatır. Həzərat, zaman yetişib, ölkənin resursunu və imkanlarını nəzərə alb reailist iqtisadi sistem və prioritet istiqamətlər müəyyən etməliyik. Məmləkətin təhsil və elm sahəsini nəzərə alsaq, İT, rəqəmsallaşma, bərpa olunan enerji kimi müasir, dəbdə olan mövzuları kənara qoyub, bacardığımız və uğur qazana biləcəyimiz işlərlə məşğul olmalıyıq. Hökumət anlamalıdır ki, İT, rəqəmsal model və bərpa olunan enerji sahələri mütəxəssis tələb edir, elmi baza istəyir – biz bu gün bu işə başlayasaq, 10 ilə mütəxəssis yetişdirə bilərik. Amma problem odur ki, bu sahələrdə yaxşı, güclü mütəxəssis yetişdirsən, 10 mln.-luq ölkə, kiçik bazarı olan məmləkətdə onlar qalmayacaq, elə mütəxəssisi ABŞ alıb-aparacaq.
TEREF yazır ki, bunu iqtisadçı ekspert Natig Cəfərli deyir. Daha sonra ekspert aşağıdakı fikirləri irəli sürür:
Bərpa olunan enerjiyə girişsək, onun komponentlərini də istehsal etməliyik ki, bu da mümkün görünmür. Günəş paneli, külək generatoru İDXAL malı, valyuta aparan sahələrdir. Bizə isə valyuta qazanan sahələr lazımdır. Cəmi bir neçə sahədə belə imkanımız var – bunu etiraf edib fəaliyyət göstərməliyik:
1) Neft-kimiya, neft emalı. Xammal kimi neft satmaqdansa, onu emal edib yüzlərlə adda məhsula çevirməyi öyrənməliyik ki, bu da ciddi əlavə dəyər yaradan sahədir,
2) Aqrar-sənaye kompleksi. Pomidoru qəzetə büküb "ursetə" satmaqdansa (onlar da istəyəndə içində qurd tapırlar), onu emal edib leçoya, ketçupa və s. çevirməyi öyrənməliyik, bu da əlavə dəyər yaradacaq,
3) Turizm. Sərhədləri bağlı saxlayıb turizmi prioritet elan edən tək hökumət Azərbaycan hökumətidir,
4) Ölkəni böyük regional bazara çevirmək, Şimala, Cənuba, Şərqə, Qərbə mal satan topdansatış bazarı olmaq – bunun üçün logistik imkanlar və coğrafi şərait çox yaxşıdır.
Yaxşı, bunları həyata keçirmək üçün nə lazımdır – bəli, çox aşağı vergi dərəcələri və gömrük rüsumlar. Başqa nəyə ehtiyac var – haqlısız, ədalətli məhkəmə və rəqabətli mühitə. Bunları nə təmin edə bilər – tam onluqdan vurduz, yeni idarəetmə sistemi. Vəssalam...
Natig Cəfərli