"Aysberq"in görünməyən tərəfi... Mənzil bazarında durğunluq var, amma qiymətlər yenə də artır - Araşdırma

Dünən, 00:07           
"Aysberq"in görünməyən tərəfi...
Mənzil bazarından söz düşəndə diqqət daha çox Bakıya yönəlir. Çünki yeni binalar xüsusilə paytaxtda səhnəyə çıxır. Bölgələrdə mənzil imkanları olduqca məhduddur. Digər yandan ölkə əhalisinin yarıdan çoxunun Abşeron yarımadasında toplaşmasını, məskunlaşmasını da nəzərə almaq lazımdır. Buna görə də daha çox Bakının mənzil bazarından söz açmaq lazım gəlir.
Bizimyol.info xəbər verir ki, mənzil bazarında ciddi durğunluq müşahidə edilir. Amma qiymətlərin yalnız artdığını da qeyd etmək gərəkdir. Bakının mikrorayonlarında sovet dövründə tikilmiş doqquzmərtəbəli binalarda ikiotaqlı mənzillər 145-160 min manata təklif olunur. Halbuki keçən ilin eyni dövründə təsadüfi hallarda hansısa mənzilin 150 min manatdan baha satışa çıxarıldığını görə bilərdik. Birotaqlı mənzillər heç bir halda 100 min manatdan ucuz deyil.

Nəsimi rayonunun şəhərin mərkəzinə doğru uzanan hissələrində qiymətlər bir az da bahadır. Sovet binalarında birotaqlı mənzillərin qiyməti bəzən 115-120 min manata çatır. İkiotaqlı mənzilləri 160-170 min manata yalnız bir halda əldə etmək mümkündür ki, axırıncı mərtəbədə yerləşmək imkanı olsun.

Yeni tikililərdə məsələ bir az da mürəkkəbdir. Bu binalarda ikiotaqlı mənzil almaq üçün azı 190 min manatdan keçməlisən. Mənzilin vəziyyətindən asılı olaraq qiymət 220-230 min manata da çata bilər. 150-160 min manata yalnız birotaqlı mənzil düşür. Bir otaq iki otağa çevrilibsə, onda qiymət 10-15 min manat da artır.

Gördüyünüz kimi, qiymətlər çox yüksəkdir. Bakıda məvaciblə ev sahibi olmaq mümkünsüzə çevrilib. Mənzillər aylarla satış saytlarında gözə dəyir. Buna baxmayaraq, qiymətlər nəinki aşağl düşmür, hətta yüksəldiyi göz qabağındadır. Ekspertlər hesab edir ki, şəhərin ayrı-ayrı yerlərindəki söküntülər qiymətin aşağı düşməsinə imkan vermir. Yeni yol qovşaqlarının salınması planı mənzil bazarında yenə əlçatmaz qiymətləri aktual saxlayacaq.

Aytən, Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.