Toz-torpağın içində satılan rəngli noğullar - FOTO

6-03-2025, 09:34           
Toz-torpağın içində satılan rəngli noğullar - FOTO
Metro stansiyalarının yaxınlığında, insanların kütləvi gediş-gəlişinin olduğu ayaqaltı məkanlarda müxtəlif qida məhsullarının açıq şəkildə satılması adi hala çevrilib.

Meyvə və ya tərəvəz və ya yuyula bilən qidaların satılmasına hardasa, göz yummaq olar. Amma bəzi məhsulların açıq satışı, ümumiyyətlə yolverilməzdir. Məsələn, metronun "Azadlıq Prospekti" stansiyasının yaxınlığında, insanların ayağının altında açıq formada şirniyyatlar, noğullar və s. satılır.

Bəs, toz-torpağın içində satılan ərzaq məhsullarına görə cavabdeh kimlərdir?

Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən TNS-ə bildirilib ki, tələblərə cavab verməyən şəkildə qida məhsullarının satılması yolverilməzdir: “Qida məhsullarının açıq formada satılması qanunsuz küçə ticarətidir, bu cür hallarla bağlı aidiyyəti yerli icra qurumları məşğul olmalıdır”.

Bakı Şəhər İcra Hakimiyyətindən isə saytımıza deyiblər ki, bu məsələ ilə birbaşa post-patrul xidməti məşğul olmalıdır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov TNS-ə açıqlamasında Nazirlər Kabinetinin 94 saylı qərarını xatırladıb:

“Nazirlər Kabinetinin qərarına görə, ölkənin əmtəə bazarında satılan bütün mallar, o cümlədən meyvə və tərəvəz qablaşdırılmalı və üzərində məhsul haqqında məlumatlar yazılmalıdır. Lakin bazara nəzər salsaq, görərik ki, məhsulların 50 faizi bu formada satılmır. “Kolxoz bazar”larında məhsullar necə gəldi, satılır. Üzərində də heç bir məlumat verilmir. Bu, Nazirlər Kabinetinin qərarının pozulması ilə yanaşı, istehlakçıların mal haqqında məlumat almaq hüququnun pozulması, eləcə də malların çirklənməsi deməkdir”.

AİB sədri bildirib ki, çox zaman vaxtı keçmiş mallar bu cür açıq formada satılır: “Təəssüf ki, Bakı Şəhər İcra Hakimiyyətinin yerli icra qurumları bu məsələləri həll etmir. Bu hallar istehlakçıların tədricən xəstələnməsinə yol açır”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.