İran hökumətinin sözçüsü: Hökumət ana dilində təhsillə bağlı parlamentə qanun layihəsi təqdim etməyi planlaşdırır

Bu gün, 16:38           
İran hökumətinin sözçüsü:
İran hökumətinin sözçüsü Fatimə Mühacirani martın 4-də keçirdiyi mətbuat konfransında bildirib ki, hökumət Konstitusiyanın 15-ci maddəsinin icrası ilə bağlı geniş bir qanun layihəsi hazırlayaraq parlamentə təqdim edəcək.

İRNA xəbər agentliyinin məlumatına görə, Mühacirani həmin mətbuat konfransında qeyd edib ki, "Konstitusiyanın 15-ci maddəsi ana dilində təhsillə bağlı mövzunu aydın şəkildə müəyyən edib və hökumət də bu məsələdə parlamentə geniş bir qanun layihəsi təqdim etməyi planlaşdırır."

Hökumət sözçüsünün "ana dilində təhsil" barədə səsləndirdiyi fikirlər xüsusi diqqət çəkib. Çünki indiyə qədər İranda yalnız "etnik dillərin tədrisi" ilə bağlı müzakirələr aparılmış, lakin rəsmilər açıq şəkildə "ana dilində təhsil" məsələsini dilə gətirməmişdilər.

Mühacirani əlavə edib ki, “ana dillər ölkənin mədəni irsinin bir hissəsidir və bu dillərə mədəni irs kimi yanaşılmalıdır.”

Onun sözlərinə görə, iranlı şagirdlərin beynəlxalq imtahanlarda zəif nəticə göstərməsinin əsas səbəblərindən biri onların ikidilli olmasıdır və bu səbəbdən uşaqlar oxumaqda çətinlik çəkirlər.

Sözçü, imtahanların da ana dillərində keçirilib-keçirilməyəcəyi ilə bağlı suala cavabında deyib ki, "Baxın, məsələ bu qədər sadə deyil. Bir tərəfdən rəsmi dilimiz fars dilidir, digər tərəfdən isə mövcud dillər bizim mədəni irsimizdir. Odur ki, təqdim ediləcək qanun layihəsi bu boşluğu elə doldurmalıdır ki, həm ikidilli uşaqlar təhsil prosesində zərər görməsinlər, həm də biz bu qədim irsi itirməyək. İnşallah, qanun layihəsi bu işi həyata keçirəcək."

O vurğulayıb ki, parlamentdə müzakirəyə çıxarılan son məsələ Təhsil Komissiyasının təqdim etdiyi layihə idi və bu, hökumətin hazırlayacağı qanun layihəsindən fərqlidir. Mühacirani əlavə edib ki, ana dilində təhsil məsələsi hökumətin gündəmində olan mühüm mövzulardandır və bu məsələ parlamentdə müzakirəyə çıxarılan mövzudan qat-qat genişdir.

Parlamentin Təhsil Komissiyası tərəfindən təqdim edilən "etnik dillərin ədəbiyyatının tədrisi" layihəsinin rədd edilməsindən sonra, Sarab millət vəkili Məcid Nəsirpur prezidentlə söhbətində bu məsələni qaldırmış və həmin dialoqdan sosial mediada yayılan videoda Məsud Pezeşkian türkcə danışaraq bildirmişdi: “O bir qanundur və biz də əzm etdik ki, məclisdə baş verən o cərəyanın hökümətdə özümüz ardını tutub təqib edək və lazım olsa layihə verək. Təsəvvürüm budur ki, layihəyə ehtiyac olmaz və biz bunu hökümətdə başlaya bilərik.”

Hökumət sözçüsünün son açıqlamasında səsləndirilən ana dilində təhsil məsələsi, daha əvvəl gündəmə gələn və yalnız qeyri-fars dillərinin seçməli dərs kimi məktəblərdə tədrisini nəzərdə tutan layihədən daha geniş və əhatəli olduğu iddia edilir.

Lakin İranda ana dilində təhsil mövzusu ilə yanaşı, hətta etnik dillərin ədəbiyyatının könüllü şəkildə tədrisi belə kəskin etirazlara səbəb olur.

Ötən ay parlamentdə bu məsələ ilə bağlı layihə rədd edildikdən sonra, Tehran millət vəkili Əhməd Nadiri mediaya açıqlamasında məktəblərdə fars dilindən başqa dillərin tədrisini "etnik millətçiliyi və separatçılığı gücləndirən amil" kimi qiymətləndirib və bildirib ki, bu layihənin qəbul edilməməsi üçün əllərindən gələni ediblər. O, əlavə edib ki, bu məsələdə yeni qanuna ehtiyac yoxdur, “çünki bu məsələ Konstitusiyanın 15-ci maddəsində açıq şəkildə qeyd olunub və icra edilir.”

Göründüyü kimi, İran Konstitusiyasının 15-ci maddəsi ana dilində təhsilə qarşı çıxanlar və onu müdafiə edənlər tərəfindən tamamilə fərqli şəkildə şərh edilir.

Bəzi azərbaycanlı siyasi fəallar isə bu maddəni qeyri-müəyyən ifadələrlə tərtib olunmuş və ayrı-seçkiliyə yol açan bir hüquqi sənəd kimi qiymətləndirirlər.

İndiyə qədər yalnız məhdud çərçivədə gündəmə gətirilən layihələrin belə icra olunmamasını nəzərə alsaq, hökumət sözçüsünün elan etdiyi bu qədər geniş və əhatəli planın reallaşma ehtimalı ilə bağlı ciddi suallar yaranır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.