Eyni kərə yağı Azərbaycanda 4,9, Ermənistanda 4,3, Grücüstanda isə 3 dollara satılır - AXI NİYƏ?
Bu gün, 00:05
Ötən il Azərbaycana xarici ölkələrdən 139,5 milyon dollar dəyərində 24 min 507,5 ton kərə yağı idxal olunub. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 5,6 dollar (9,7 manat) olub. Qeyd edək ki, ötən ilin yanvar ayında idxal olunan kərə yağlarının 1 kiloqramının orta qiyməti ölkənin pərakəndə ticarət şəbəkələrində 19,5 manat olduğu halda, ilin sonunda – dekabr ayında 22,4 manata yüksəlib. Bu ilin yanvar ayında isə 22,6 manat olub. Rəqəmlərdən də göründüyü kimi, kərə yağı marketlərdə ölkəyə gətirildiyi qiymətdən təxminən 2 dəfədən də baha satılır. Məlumat üçün bildirək ki, qonşu ölkələrdə idxal kərə yağlarının qiyməti Azərbaycan ilə müqayisədə daha ucuz satılır. Məsələn, hazırda Azərbaycanın aparıcı supermarketlərindən biri olan “Bravo”da Fransa istehsalı olan 200 qramlıq “President” kərə yağı 8,29 manata (4,9 dollar) satılır. Eyni məhsul, yəni 200 qramlıq “President” kərə yağı Ermənistanın məşhur SAS supermarketində 4,3 dollara (1 690 dram), Gürcüstanın məşhur “Naturali” supermarketində isə 3 dollara (8,5 lari) satılır.