İnsanların "üz"ünə durub, götürmədikləri kreditləri "yük" edirlər" - Texnologiyanın təhlükəli "SİMA"sı... "
8-03-2025, 12:26

“SİMA” proqramı əslində insanların həyatını rahatlaşdırıb. Məsələn; banka getmədən kredit kartı sifarişi və yaxud digər xidmətlər var ki, evində oturduğun halda bu xidmətləri öz simanla təsdiqləyərək, rahat şəkildə əldə edə bilirsən. Yalnış anlaşılsa da, qeyd etməliyəm ki, “SİMA” proqramı bir qədər savadlı, sadəlövh olmayan cəmiyyətlər üçün nəzərdə tutulub. Azərbaycan cəmiyyətində isə, bu proqramdan dələduzlar insanları aldatma yolu ilə əmlaklarını ələ keçirmə vasitəsi kimi istifadə edirlər. Son zamanlar yəqin ki, sizin də nəzərinizdən qaçmayıb, bir çox vətəndaş onun adına kredit götürülməsi iddiaları irəli sürürlər. Onlar hansısa telefon operatorunun zənglərindən sonra adlarına kreditin götürülməsi halları ilə qarşılaşırlar.
Həqiqətən çox maraqlıdır, siz hansısa “telefon operatoru”nun zəngi və təkidilə “SİMA” proqramını niyə açırsınız ki? Qazancınız nədir?
Bəzən insanların bu şəkildə rahatlıqla aldanmasını görəndə düşünürsən ki, “ağlın olaydı, aldanmayaydı”... Nə isə, görünür bizim cəmiyyətimizi tam şəkildə formalaşa bilməsi üçün hələ 100 illər laızm olacaq. O da ki, sual altındadır...
Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, dələduzlar artıq kiber cinayətlərə keçiblər. Onun sözlərinə görə, ümumiyyətlə kiber cinayətlərin törədilməsi ilə müşahidə edilən dələduzluq hallarında da, birmənalı şəkildə etibardan sui-istifadədən söhbət gedir, vətəndaşı aldadaraq onun məlumatsızlığından istifadə edərək müəyyən təsdiqləmələrlə əmlaklarını həyata keçirirlər. Hüquqşünas qeyd edib ki, bu əməllər cinayət qanunvericiliyinin təsir dairəsinə düşür.
“Burada vətəndaşların özləri də ehtiyatlı olmalıdırlar. Çünki proqram kifayət qədər normal işləyən bir proqramdır və müasir texnikanın tələblərinə uyğun şəkildə tərtib olunmuşdur. Sadəcə olaraq, insanlar əgər onu düzgün şəkildə işlədə bilmirlərsə, nəticə etibarilə zərərə uğramaları qaçılmazdır. Ona görə də məsələn, kütləvi törədilə bilən cinayətlərin qarşısını almaq üçün proqramda müəyyən məhdudiyyətlər mümkün ola bilər. Tutaq ki, bank ödənişləri və s. Bu, birmənalı şəkildə vətəndaşın telefonuna SMS kodun göndərilməsilə və ya üçlü, deməli, təsdiqləmə ilə mümkün ola bilər”-deyən hüquqşünas hesab edir ki, vətəndaşlar kibercinayətkarlığa məruz qaldığı zaman hüquq-mühafizə orqanlarına müraciət etməlidir və yaxud bank özü şübhəli əməliyyat gördükdə, buna müdaxilə etməlidir və ya tətbiqin özü bu vəziyyətə hərhansı bir şəkildə müdaxilə etməlidir.