Pensiyaçıların DİQQƏTİNƏ: Bu halda ödənişlərə yenidən baxıla bilər
Bu gün, 09:38

Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan 65 yaşına çatmış müəyyən qrup insanların məcburən pensiyaya göndərilməsi ilə bağlı fikirlər var. Bildirilir ki, bir sıra şəxslər pensiya yaşına çatsalar da, işləməyə davam etmək istəyirlər, lakin əmək müqavilələrinə xitam verilir. Bəziləri isə işində qaldığı halda pensiya ödənişi almamaqdan ehtiyat edirlər.
Hansı hallarda pensiya yaşına çatdıqdan sonra işləmək imkanı əldə edilə bilər?
TEREF Globalinfo.az-a istinadla bildirir ki, iqtisadçı Pərviz Heydərov deyib ki, bu məsələ “Əmək pensiyaları haqqında” müvafiq qanunvericiliklə tənzimlənir:
“Kişilər bir neçə ildir 65 yaşda pensiya alırlar. Qadınların pensiya yaşı isə hər il 6 ay artırılmaqla artıq 65-ə çatmaq üzrədir. Yəni həm qadın, həm də kişilər üzrə pensiya əldə etmək hüququnu qazanmaq üçün yaş həddi 65-dir. Bu yaşa çatdıqdan sonra avtomatik olaraq vətəndaşa pensiya təyin olunur. Ondan sonra çalışdığı yerdə işəgötürənin razılığı əsasında əmək müqaviləsi uzadıla bilir. Əks təqdirdə 65 yaşdan sonra işəgötürənin şəxsi saxlamaq səlahiyyəti yoxdur”.
İqtisadçı bildirib ki, şəxs işlədiyi müddətdə də pensiya ödənişlərini ala bilir:
“Pensiya yaşına çatan kimi hər hansı bir vətəndaşın işini davam etdirmək istəyinə gəlincə, bu, təktərəfli həll edilmir. Qarşılıqlı razılaşma önəmlidir. Bundan başqa şəxs işdən ayrıldıqdan sonra onun pensiyasına yenidən baxılır”.