Bakıda iş qrafiki dəyişir: sosial davranışlara necə təsir edəcək?

Bu gün, 12:38           
Bakıda iş qrafiki dəyişir: sosial davranışlara necə təsir edəcək?
Bakının nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 2025–2030-cu illəri əhatə edən yeni dövlət proqramı təsdiqləndi. Proqram çərçivəsində iş qrafikinin dəyişdirilməsi, distant iş rejiminin tətbiqi və ictimai nəqliyyatda gediş haqlarının pik saatlarda artırılması kimi yeniliklər nəzərdə tutulur. Bəs bu dəyişikliklər insanların gündəlik həyatına və sosial davranışlarına necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Ölkə.az-a danışan sosioloq Nail Cəlil bildirib ki, buarada bir neçə vacib məqam nəzərə alınmalıdır.

Onun sözlərinə görə, bunlardan birincisi iş qrafikinin ardıcıllığı, ikincisi fasiləsizliyi və üçüncüsü məqsədyönlülük prinsipidir:

“Yəni bu üç prinsip bir arada tutularsa, düşünürəm ki, qrafik dəyişikliyi müsbət nəticə verə biləcək. Digər tərəfdən, təhsil və tibb müəssisələrinin dəyişkən qrafikə keçməsi məsələsində bir az diqqətli və həssas yanaşma vacibdir. Çünki dəyişkən qrafik ümumi iş nizamını pozmayacaqsa, faydalıdır. Əslində, təhsil müəssisələrinin əhəmiyyətli bir qismi fərqli qrafikdə fəaliyyət göstərir. Məsələn, bəzi təhsil universitetlərində dərs saatı 80 dəqiqə, bəzilərində dərs saat 8-də, böyük əksəriyyətində saat 9-da başlayır.

Böyük iri sənaye müəssisələrinin istər əməkdaşlarının sayı, istər işçilərin tərkibi, istər ümumilikdə fəal, işgüzar əhalinin gündəlik hərəkət dinamikası burada xüsusi əhəmiyyət kəsb edir. Pik saatların dəyişmək məsələsi bir az həssas məsələdir. Tıxacları dəyişkən iş qrafiki ilə qismən tənzimləmək mümkündür. Burada mütləq bir şəkildə nəqliyyat infrastrukturu da təkmilləşdirilməli və tənzimlənməlidir”.

Sosioloqun fikrincə, ictimai nəqliyyatın intensivliyi artırılarsa və şəxsi nəqliyyatdan istifadə üç dəfədən artıq az olarsa, şəhərdə sakitlik və sabitliyə nail ola bilərik:

“Digər tərəfdən də, müəyyən müəssisələrin şəhər kənarına köçürülməsi də müsbət nəticə verə bilər.

Bununla yanaşı, iş saatlarının dinamikasında saatların azaldılması, əmək məhsuldarlığının artırılması istiqamətində də müəyyən məsələlər düşünülməlidir. Bütün bunları biz nəzərə alsaq, vaxt məsələsi vaxtın düzgün tənzimlənməsi çox şeyi həll edir.

Dəyişikliklər sadəcə nümunə, göstəriş xatirinə olmamalıdır. Bu halda, bizim gözlədiyimiz və arzuladığımız nəticə alınsa belə, bu, müvəqqəti olur. Buna görə də biz bir az strateji düşünməliyik və bu istiqamətdə vaxt bölgüsü ilə struktur bölgüsünü paralel tutmalıyıq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.