Hər gün bəsit xidmətlərinin tariflərini qaldırmaqla məşğuldurlar, 5G heç yadlarına da düşmür - ETİRAZ VAR...

Bu gün, 16:51           
Hər gün bəsit xidmətlərinin tariflərini qaldırmaqla məşğuldurlar, 5G heç yadlarına da düşmür - ETİRAZ VAR...
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2024-cü ildəki fəaliyyətinə dair hesabatını açıqlayıb.
Hesabatda qurumun ötən il ərzində gördüyü işlər haqqında geniş bəhs edilib.
Sənəddə, həmçinin icrasına ötən il başlanmış və davam edən layihələr, eyni zamanda qarşıdakı dövr üçün nəzərdə tutulan təşəbbüslərə geniş yer verilib.

İKTA-nın illik hesabatını dəyərləndirən Osman Gündüz “Sherg.az"a açıqlamasında hesabatı incələdiyini, hətta bir neçə gün əvvəl İKTA rəhbərliyi ilə bu istiqamətdə görüşdə olduğunu xatırladıb. Onun sözlərinə görə, sıfırdan yaranan qurum üçün, həm də müstəqil olmayan bir tənzimləyici qurum üçün ötən müddətdə görülən işləri qənaətbəxş hesab etmək olar:

“Ən ciddi uğurları olaraq provayderlər bazarında şəffaflıq və əlçatanlıq yaratmasını, internetin keyfiyyətini ölçmək və şikayətləri qəbul etmək üçün ölkə üzrə vahid bir rəqəmsal alət təqdim etməsini, tezliklərin geri qaytarılması mexanizmləri yaratmasını, bəzi hüquqi-normativ qaydaların yaradılması istiqamətindəki səylərini və s. qeyd etmək olar.
Lakin bütövlükdə sektorun tənzimlənməsi, mobil bazarda rəqabətli mühitin formalaşması, xidmətlərin keyfiyyətinin yüksəldilməsi, ümumiyyətlə, qurumun ölkənin İKT bazarına təsir imkanları sahəsində ciddi problemləri qalmaqdadır.
Yəni görünən odur ki, hələlik nə telekom operatorlar, nə mobil operatorlar, nə də provayderlər İKTA rəhbərliyindən, onun əməkdaşlarından heç bir halda çəkinmirlər.
Normalda isə hansısa bir operatorun rəhbəri tənzimləyici olan İKTA-nı görəndə yolunu dəyişməli, yaxud da farağat vəziyyətdə olmalıdırlar. Görünən isə hələlik odur ki, onları tənzimləyicinin qərarları narahat etmir, hər gün bəsit xidmətlərinin tariflərini qaldırmaqla məşğuldurlar və 5G heç yadlarına da düşmür.
Ümid edək 2025-də situasiya dəyişəcək”.

Ümidlənmək üçün müəyyən əsaslar olduğunu vurğulayan O.Gündüz bildirib ki, Nazirliyin tabeliyində olan İKTA Nazirliyin tabeliyində olan "Aztelekom"a və müstəqil özəl qurum olan "Delta Telekom"a, yaxud da "AzerTelecom"a da eyni münasibət sərgiləməliydi. Müstəqilliyin olmaması da təbii ki, müəyyən risklər yaradır:
“Hazırda isə situasiya dəyişib. Sektordakı operatorlar, əsas oyunçular Prezidentin fərmanı ilə Nazirliyin tabeçiliyindən çıxarılıb və "AZCON Holdinq"in tərkibinə qatılıb. Məsələn, son illərdə infrastruktura 150 milyondan çox investisiya yatıran, son 20 ilin ən ciddi problemini - "hər evə optika" problemini birdəfəlik həll edən, ayda 30 milyondan çox gəlir gətirən nəhəng dövlət şirkəti "Aztelekom"un artıq RİNN-ə hər hansı aidiyyəti yoxdur. Amma burada hələlik bir incə məqam var ki, AZCON-da Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziridir.
Lakin gələcəkdə elə situasiya yarana bilər ki, AZCON-un, ümumiyyətlə, RİNN-ə dəxli olmaya bilər. Beləliklə, gələcəkdə İKTA-nın tənzimləyici rolunun daha da güclənəcəyini proqnozlaşdırmaq olar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.