Elm cəmiyyətin beynidir: - Bu gün elm adamları üçün təbrik yox dəyişiklik lazımdır

28-03-2025, 00:11           
Elm cəmiyyətin beynidir: - Bu gün elm adamları üçün təbrik yox dəyişiklik lazımdır
Martın 27-si Azərbaycanda Elm Günüdür.
Cəmiyyətin inkişafında elmin əhəmiyyəti nəzərə alınaraq, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Günü təsis edilib. Bu əlamətdar gün artıq 7 ildir ki, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramı kimi qeyd olunur.
Azərbaycanda elmin çox zəngin tarixi və ənənələri var. Əsrlər boyu Azərbaycan alimləri elmi təfəkkürün müxtəlif sahələrində meydana gətirdikləri kəşflərlə bəşəriyyətin elmi xəzinəsinə böyük töhfələr veriblər.
“Elm günü”nün qeyd olunması bütün ölkə üzrə elm sahəsində fəaliyyət göstərən alim və mütəxəssisləri bir araya gətirməklə yanaşı, həm də əldə olunan elmi nailiyyətləri ictimaiyyətə təqdim etməyə, çatışmazlıqları geniş şəkildə müzakirə etməyə və problemlərin həlli ətrafında birləşməyə imkan verir. Bütün elm sahəsində çalışan alimlər “Elm günü”nün ölkəmizin müasir elminin inkişafında əhəmiyyətini və bu günün necə qürurverici olduğunu anlayaraq öz dövlətlətinin və xalqının gələcək yüksək inkişafı naminə səylə çalışır.

Azərbaycanda 27 mart tarixinin “Elm günü” kimi seçilməsi heç də təsadüfi deyil. Bu tarix müstəqil respublikamız üçün əlamətdar bir vaxta, Azərbaycan Milli Elmlər Akademiyasının təsis olunduğu günə təsadüf edir. Azərbaycan SSR Xalq Komissarları Sovetinin “Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması haqqında” 1945-ci il 27 mart tarixli, 316 saylı qərarı ilə ölkəmizdə Elmlər Akademiyasının təsis edilməsi rəsmiləşdirilib, onun Nizamnaməsi təsdiq olunub.
Hazırda Azərbaycan Respublikasında elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan elmində islahatların aparılması, mövcud problemlərin aradan qaldırılması və elmin qarşısında duran strateji vəzifələrin icrası, həmçinin ölkədə elmin davamlı inkişafının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən müvafiq fərman və sərəncamlar imzalanıb.

Təhsil eksperti Kamran Əsədov isə "Sherg.az"a açıqlamasında deyib ki, bu gün biz yalnız elm adamlarını təbrik etməklə kifayətlənməməliyik:

"Həm də elmin Azərbaycandakı real vəziyyəti ilə üz-üzə dayanmalıyıq. Çünki statistik göstəricilər sübut edir ki, ölkəmizdə elmin inkişafı ciddi şəkildə dayanıqsızdır və sistemli problemlərlə qarşı-qarşıyadır.
2023-cü ildə Scimago Institutions Rankings məlumatlarına əsasən Azərbaycan elmi dünya reytinqində 113-cü yerdə qərarlaşıb. Bu göstərici ilə biz hətta Gürcüstan kimi əhalisi və resursları bizdən az olan ölkədən belə geri qalırıq. Elm və Ali Təhsil üzrə Qlobal İnnovasiya İndeksində də Azərbaycanın mövqeyi zəifdir — 2023-cü ildə 138 ölkə arasında 92-ci yer. Bütün bunlar bir daha göstərir ki, ölkəmizin beynəlxalq elmi məkanla inteqrasiyasında ciddi boşluqlar var.
Halbuki elmi inkişaf təkcə universitetlərdə və laboratoriyalarda baş vermir. O həm də ölkənin beynəlxalq rəqabət gücünü, innovativ potensialını, iqtisadi müstəqilliyini formalaşdırır. Elmə sərmayə qoymayan ölkə gələcəyə sərmayə qoymur".

K. Əsədovun sözlərinə görə, Azərbaycanda elmi tədqiqatların maliyyələşdirilməsində əsas yük hələ də dövlət büdcəsinin üzərindədir:
"2024-cü ilin dövlət büdcəsində elmi tədqiqatlara ayrılan vəsait 95 milyon manat təşkil edib. Bu ümumi büdcənin cəmi 0.5%-i deməkdir. Müqayisə üçün: Avropa İttifaqı ölkələri elmə orta hesabla 2-3% arası vəsait ayırırlar. İsrail bu rəqəmi 4.9%-ə, Cənubi Koreya isə 4.6%-ə çatdırıb. Yəni inkişaf etmiş ölkələr elmi strateji sahə kimi görür biz isə hələ də onu simvolik səviyyədə dəstəkləyirik.
Digər böyük problem — elmi kadrların sosial rifahıdır. Elmi-tədqiqat institutlarında çalışan alimlərin orta aylıq maaşı 400-600 manat arasında dəyişir. Bu maaşla nə elmi fəaliyyət mümkündür, nə də normal yaşam. Gənclərin elmə maraq göstərməməsinin əsas səbəblərindən biri də budur. Onlar elmə yox daha gəlirli sahələrə yönəlirlər.
Azərbaycanda fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olanların sayı son illər artsa da bu artım daha çox formaldır. Keyfiyyətli tədqiqat işi aparan alimlərin sayı çox azdır. Bunun bir səbəbi də elmdə hökm sürən məmurlaşma və qapalı struktur sistemidir. Gənc alimlərə meydan verilmir, təşəbbüslər dəstəklənmir, elmi layihələr isə çox zaman ya formal şəkildə bölüşdürülür ya da inzibati əngəllərlə qarşılaşır".

Ekspert hesab edir ki, elmi mühitdə məmur düşüncəsi hökm sürdükcə orada yaradıcı tədqiqat ruhu ola bilməz. Elm təşəbbüs, cəsarət, risk və yenilik tələb edir. Bu dəyərləri boğan bir sistem sadəcə “mövcudluq” səviyyəsində qalacaq: "Hökumət son illərdə müəyyən addımlar atıb:
“Elm haqqında qanun” qəbul edilib, elmi fəaliyyətlərin maliyyələşdirilməsi üçün yeni fondlar yaradılıb. Lakin bu addımlar hələ ki, nəticə verməyib. Əgər bu siyasət real islahatla müşayiət olunmazsa sadəcə qanun və fond yaratmaqla elmi inkişaf etdirmək mümkün olmayacaq. Əsl elmi yüksəliş üçün elmi tədqiqatların maliyyəsi artırılmalı, alimlərin maaşı əhəmiyyətli dərəcədə yüksəldilməlidir. Həmçinin gənclərin elmə gəlməsi üçün xüsusi stimullaşdırıcı proqramlar həyata keçirilməlidir. Ən əsası da elm məmur əlindən xilas edilməlidir. Fikrimcə bu günkü gündə elm adamları üçün təbrik yox dəyişiklik lazımdır. Elm cəmiyyətin beynidir. Əgər o inkişaf etmirsə, deməli cəmiyyət gələcəyə kor baxır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.