Azərbaycanın 6 ən böyük bankının xarici kreditlərə çıxışı bağlandı

5-06-2015, 16:45           

Beynəlxlaq kredit reytinqi agentliyi Moody's Investors Service yeni bank reytinqi metadologiyasına uyğun olaraq Azərbaycanın 6 bankının Qarşı Tərəfin Risk Qiymətləndirmələrini (Counterparty Risk Assessments) müəyyən etmişdir.

“Marja”- nın məlumatına görə, Moody's, Azərbaycan Beynəlxalq Bankına Ba2 (cr), Bank of Baku və VTB Bank (Azərbaycan)-a Ba3 (cr), UniBank, Bank Respublika və Xalq Bank-a B1 (cr) reytinqini verib.
Məlumat üçün bildirək ki, kredit əməliyyatları aparan müəssisələr və maliyyə təşkilatları kredit reytinqlərini qarşı tərəf riskini (counterparty risk) qiymətləndirərkən istifadə edə bilərlər. “Qarşı tərəf riski” borc öhdəliklərində (kredit müqavilələrində, istiqraz buraxılışlarında) qarşı tərəfin öhdəliklərini yerinə yetirməməsi riskidir. Buna maliyyəçilər "defolt riski" və ya "iflas riski" də deyirlər.
Kredit reytinqi agentliklərinin bazara verdikləri məlumatlar sayəsində müəssisələr edəcəkləri potensial tərəfdaşlıqlar və digər biznes əlaqələri haqqında daha asan qərar verə bilirlər.
Moody's–un Ba1, Ba2 və Ba3 reytinqləri “İnvestisiya etmək olmaz, riskli (spekulyativ)”, B1 reytinqi isə “Son dərəcə riskli (spekulyativ)” mənasını verir. Ba1 və aşağı reytinqlər (Ba1, Ba2, Ba3, B1, B2, B3, Caa1, Caa2, Caa3, Ca və C) "zibil" səviyyə adlandırılır. Beləliklə, yuxarıda adı çəkilən bankların xaricdən kredit cəlb etmək imkanları məhdudlaşır.
3 BANKIN REYTİNQİNİN PROQNOZU DƏYİŞİB
“Marja” xəbər verir ki, həmçinin Moody's Azərbaycan Beynəlxalq Bankının, Unibankın və Bank Respublika-nın reytinqlərini və qiymətləndirilməsini təsdiqləyib və onların uzunmüddətli borc reytinqlərinin proqnozunu "Azərbaycandakı çətin əməliyyat mühitini nəzərə alaraq" "Müsbət"dən "Sabit"ə dəyişib. Agentlik hesab edir ki, “çətin əməliyyat mühiti” banklar üzərində təzyiq yaradır. Moody's Azərbaycana “stabil” proqnozla “Baa3” reytinqini verir. Bir sözlə, bankların reytinqinin proqnozu Azərbaycanın suveren reytinqinin proqnozuna uyğunlaşdırılıb.
Eyni zamanda Moody's, "öz biznes səbəbləri" ilə bağlı olaraq Azərbaycan Beynəlxalq Bankının subordinasiya olunmuş borc reytinqinin proqnozunu geri götürüb.
Qeyd edək ki, Moody's-un adlarını çəkdiyi banklar Azərbaycanın ən stabil banklardır. Belə olan halda digər bankların vəziyyətinin necə olduğu sual doğurur.
"Müsbət" proqnoz o deməkdir ki, reytinq qaldırıla bilər. "Mənfi" proqnoz o deməkdir ki, reytinq aşağı salına bilər, "Sabit" proqnoz isə o deməkdir ki, reytinqin dəyişməsi ehtimalı azdır və ya inkişafdan asılı olaraq reytinq yüksəldilə, həm də endirilə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.