Sıravi abunəçini necə xilas etməli? - Mobil rabitə operatorları hamını “əsir” götürdü
Dünən, 09:20

Tarif oyununun pərdəarxasında nələr var?
Azərbaycan mobil rabitə bazarının nəhəngi olan “Azercell Telekom” MMC abunəçilərə qarşı tətbiq etdiyi yeni, sərt tarif sistemi ilə ictimai narazılıq doğurub. Son dəyişikliklər bir tərəfdən dövlətin mobil rabitə sektoruna nəzarətini gücləndirdiyi, digər tərəfdən isə istifadəçilərin məcburi ödəniş sisteminə yönləndirildiyi gerçəyini göstərir.
Qeyd edək ki, “Azercell”-in səhmlərinin böyük hissəsi illər boyu İsveçin “Telia” şirkətinə məxsus idi. Lakin 2018-ci ilin əvvəlində “Telia” Azercell-dəki 51.3%-lik payını 222 milyon avroya Azərbaycanın Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinə tabe olan “AzInTelecom” MMC-yə satıb. Beləliklə, ölkənin ən iri mobil operatoru artıq tam şəkildə dövlətin nəzarətinə keçib. Dövlətin bu sektoru nəzarətə götürməsi ilk baxışda strateji addım kimi görünə bilər. Lakin gedişat göstərdi ki, bu nəzarət istifadəçi məmnuniyyəti və ictimai rifah üçün deyil, daha çox maliyyə resurslarını mərkəzləşdirmək və gəlir axınlarını yönləndirmək məqsədi daşıyır. Bu yanaşma ən aydın şəkildə “Azercell”-in yeni tarif siyasətində özünü göstərir.
“Azercell” 1 iyul 2025-ci ildən etibarən fakturasız nömrələr (SimSim) üçün tətbiq etdiyi şərtlər bunlardır:
İyul ayının 1-dən etibarən nömrənin balansına ödəmə kartı ilə 1 manat yükləndiyi zaman nömrənin aktiv qalma müddəti 1 gün olacaq.
1-1,99 manat – 1 gün;
2-2,99 manat – 2 gün;
3-4,99 manat – 3 gün;
5-9,99 manat – 5 gün;
10-24,99 manat – 10 gün;
25-49,99 manat – 25 gün;
50-99,99 manat – 50 gün;
100 + manat – 50 gün.
Əgər nömrədə tarif varsa, həmin tarifin istifadə müddəti bitənə qədər nömrə aktiv qalacaq. Misal üçün, əgər nömrənizdə "Azercellim" tarifidirsə və balansınıza 2 AZN ödəniş edərək, tarifi yeniləyirsinizsə, bu zaman tarifin istifadə müddəti bitənədək, yəni 30 gün açıq olacaq.
Eyni zamanda bu tarixdən etibarən fakturasız (SimSim) xətt sisteminə aid “Azercellim”, “Bölgə”, “GəncSim”, “Sadə6”, “GəncOl həftəlik”, “GəncOl 6” və “GəncOl 9” tarif paketlərinə yeni qoşulmalar dayandırılacaq.
Beləliklə “Azercell”-in iyulun 1-dən tətbiq edəcəyi sistemə görə, “1 manat = 1 gün” prinsipi rəsmi olaraq bütün istifadəçilər üçün keçərli olacaq. İstər balansında 20 qəpik olsun, istər 10 manat – istifadəçi tarif haqqını tam ödəmədiyi halda, yüklədiyi məbləğ gündəlik istifadəyə yönəldiləcək, aylıq tarif avtomatik aktiv olmayacaq. Daha əvvəl 1 manat 5 gün, 2 manat 10 gün, 5 manat 30 gün nömrənin aktiv qalmasına imkan verirdisə, yeni sistem bu güzəştləri ləğv edir. Əslində bu, sosial yönümlü rabitə siyasətindən tam imtinadır. “Azercell” öz istifadəçisinə deyir: tam ödəyirsənsə, danış, yoxsa sussan yaxşıdır.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, abonentin tarifdə olub-olmamasından asılı olmayaraq, "1 manat = 1 gün" prinsipi qüvvədədir. Onun sözlərinə görə, tarifə qoşulmuş olmaq avtomatik güzəşt yaratmır: “Tam məbləğ yüklənmirsə, tarif aktivləşmir və yüklənən məbləğ yalnız günlük istifadəyə çevrilir. Ola bilər, balansınızda pul olacaq, amma götürdüyünüz aylıq tarifə uyğun olmadığından nömrə birtərəfli bağlı olacaq”.
Gündüz bildirir ki, yeni sistem bütün abunəçiləri birmənalı şəkildə ödənişə məcbur edir və daha əvvəlki ədalətli praktikaları ləğv edir.
Dövlət şirkətinin bu addımından sonra digər, özəl mobil operator “Bakcell” də tarif siyasətinə əl gəzdirib. ““Bakcell” tərəfindən göstərilən xidmətlərin istifadə imkanlarını genişləndirmək məqsədilə öncədən ödənişli tariflər üzrə bir sıra yeniliklər tətbiq olunacaq”, şirkətin yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, yeni qaydalara əsasən, 04.07.2025-ci il tarixindən etibarən abunəçilər nömrənin açıq qalma müddətini yalnız balans artırmaqla deyil, həm də tarifin abunə haqqını ödəməklə uzada biləcəklər. Bu o deməkdir ki, abunə haqqı ödənildikdə, nömrə tarifin istifadə müddəti ərzində ikitərəfli açıq qalacaq. Nümunə üçün abunəçi xəttin 30 gün açıq qalmasını istəyirsə, sadəcə ona uyğun tariflərdən birini seçib, abunə haqqını ödəməsi kifayətdir.
Qeyd edilir ki, nömrənin istifadə müddəti ilə bağlı şərtlər dəyişməz olaraq qalır.
23.06.2025-ci il tarixindən etibarən “Günboyu 0”, “YeniDoğma”, “ƏlaSAAT”, “İLK”, “CİN 1”, “SevimliCİN”, “DoğmaCİN” və “GəlirliCİN” tariflərinin 30 günlük abunə haqqı 3.99 AZN təşkil edəcək. Bu abunə haqqına uyğun olaraq abunəçilərə bütün istiqamətlər üzrə 40 dəqiqə ölkədaxili danışıq və 400 MB internet təqdim olunacaq.
Bu tariflər üzrə hazırda tətbiq olunan gündəlik, həftəlik və aylıq abunə haqları dayandırılacaq. Tarifin abunə haqqının ödənilməsi üçün balansda kifayət qədər məbləğ olmadıqda, ödəniş məbləğindən asılı olaraq nömrənin xətti 100 günədək aktiv qalır.
25.07.2025-ci il tarixindən etibarən aşağıdakı internet paketlərin şərtlərində dəyişikliklər qüvvəyə minəcək. Bu dəyişikliklər yeni internet paketi qoşulmalarına və keçid etmək istəyən abunəçilərə şamil olunacaq:
- Artıq abunəçilər saatlıq internet paketlərini günün istənilən vaxtında, limitsiz sayda əldə edə biləcəklər.
- Saatlıq internet paketləri:
Bu paketlərin mövcud abunəçiləri qeyd olunan tarixə qədər indiki şərtlərlə istifadə etməyə davam edəcəklər. Dəyişikliklər, göstərilən tarixdən sonra növbəti yeniləmə zamanı avtomatik şəkildə tətbiq olunacaq.
Eyni zamanda, 25.07.2025-ci il tarixindən etibarən “Günlük 1 GB”, “Həftəlik 1 GB” və “1,5 GB” paketlərinə yeni qoşulmalar dayandırılacaq.
Qeyd olunan tarixdən etibarən bütün iri həcmli internet paketlərinin istifadə müddəti 28 gün təşkil edəcək.
Beləliklə, əsas fərq ondadır ki, balans artırmaqla tarif aktiv olmasa belə, nömrə əlaqəyə açıq qala bilər.
Bu, ilk baxışdan rəqabətli və istifadəçi dostu yanaşma kimi görünür. Lakin bazarda real rəqabətin mövcud olmadığını nəzərə alsaq, bu yanaşmanın dayanıqlı olub-olmayacağı, yoxsa “dekorativ alternativ” kimi təqdim olunub tezliklə geri çəkiləcəyi hələ sual altındadır.
Tariflərin kəskin artırılması mobil rabitə sektorunda bir zamanlar haqqında çox danışılan sosial məsuliyyətin azaldığını göstərir. Hər iki mobil operatorun bu addımı göstərir ki, bütövlükdə mobil rabitə sektoru kartel sövdələşməsinə gedərək, sosial məsuliyyət anlayışından uzaqlaşır. Dövlət nəzarəti altında fəaliyyət göstərən şirkətin vətəndaşa münasibəti dəyişməli olduğu halda, əksinə, təzyiq və öhdəlik mərkəzli model güclənir.
Bu siyasət azgəlirli təbəqələri, yaşlı istifadəçiləri, sosial güzəşt kateqoriyalarını sistemdən sıxışdırır və rabitə hüququnu yalnız ödəməyə qadir olanlara şamil edir. Bu isə həm konstitusion hüquqlar, həm də istehlakçı müdafiəsi qanunvericiliyi baxımından sual doğurur.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ictimai reaksiyaları nəzərə almalı, mobil operatorların tarif siyasətini yenidən nəzərdən keçirməsini təmin etməlidir.
İstehlakçı hüquqlarını qoruyan təşkilatlar və Ombudsman bu sistemin insan hüquqlarına təsirini araşdırmalı və rəy bildirməlidir.
Media və vətəndaş cəmiyyəti fəalları da bu siyasətin sosial nəticələrini ictimailəşdirməli, şəffaflıq və məsuliyyət tələblərini gündəmə gətirməlidir.
pressklub