Bankdan müştəriyə qarşı daha bir özbaşınalıq - VİDEO
17-11-2016, 00:45
Kredit borcu dövlətin verdiyi subsidiyadan tutuldu... İmişli sakini olan Firudin Mürsəlov əkin-biçin işləri üçün dövlət tərəfindən verilən subsidiyanı almaq üçün bankomata üz tutub. Balansını yoxladıqda isə gözlənilməz sürprizlə üzləşib. Belə ki, hesabında pulun əvəzinə yüksək məbləğdə borc olduğunu görüb.
Banka müraciət etdikdə isə Firudin Mürsəlov deyilib ki, bir müddət əvvəl kredit götürən bir nəfərə zamin durub. Həmin şəxs də ödənişi gecikdirdiyi üçün borc subsidiyaya yönləndirilib.
Kənd Təsərrüfatı Nazirliyindən bildirildi ki, subsidiya əkin-biçin işlərini həyata keçirmək üçün verilir. Həmin vəsait gübrə və dərman preparatlarından istfiadəyə xərclənməlidir ki, məhsuldarlıq yüksək olsun. Nazirliyin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdovun sözlərinə görə, bu subsidiyanın başqa sahəyə yönləndirilməsi tam qanunsuzdur.
Millət Vəkili Rafael Cəbrayılov isə "Xəzər Xəbər"ə bildirib ki, kredit borcu yalnız zaminin mülkiyyətindən tutula bilər. Subsidiya isə onun mülkiyyəti yox, dövlət tərəfindən ayrılan vəsait olduğu üçün hər hansı bir şəxsin mülkiyyəti sayılmır. Ona görə də borcun subsidiyaya yönləndirilməsi qanunsuzdur.