Analoqsuz qənaətə keçən “Rahat” supermarketlər şəbəkəsi
6-01-2017, 10:41
“Rahat” supermarketlər şəbəkəsi analoqsuz qənaətə keçib
İşçilər üçün gündəlik nəzərdə tutulan günorta yeməyi ləğv edilib.
Artıq supermarket işçiləri günorta yeməklərini də onlara verilən aşağı məvaciblə almalı olacaqlar. Bu addımı atmaqla marketlər şəbəkəsi qənaət etməyi hesablayıb.
İşçinin bir qarın yeməyini kəsən və onu 10-14 saat istismar edən ticarət mərkəzinin rəhbərliyi bunu da onlara çox görüb. Şirkətin kifayət qədər qazancı və imkanı var ki, günorta yeməyini təşkil etsin.
Üstəlik, gecə-gündüz müştərilərə xidmət edən işçilərə bir qarın xörək vermək rəhbərliyin borcudur.
Amma göründüyü kimi, özəl sektorda bəzi iş adamları iqtisadi böhrandan sui-istifadə edərək yükü işçilərin boynuna qoyur, onların əmək haqlarını azaldır, yeməyini kəsir, ixtisarlara gedir.
Prezident tapşırıb ki, iş yerləri açılmalıdır, güzəştlər tətbiq olunmalıdır, geridə qoyduğumuz ağır 2016-ci il kimi yeni il də belə keçməməlidir. Təəssüf ki, “Rahat” supermarketlər şəbəkəsi biabırçı qənaət sisteminə keçid edib.
Müştərilər qiymətlərdə aldadılır. Dəfələrlə olub ki, vitrindəki qiymətlə kassada qəbzə vurulan məbləğ arasında fərq yaranıb.
Manatın ucuzlaşmasından sonra ərzaq və geyim malları mağazalarında qiymət artımı müşahidə olunur. Bəzi hallarda isə mağazalar alıcıları aldadır.
Belə ki, malların üzərinə qeyd edilən qiymətlə kassa çekindəki qiymətlər fərqlənir. Yəni, kassada mal baha qiymətlə hesablanır. Bir müddət əvvəl “Rahat” market müştəriləri aldatmaqda ittiham olunmuşdu.
Xatırladaq ki, noyabrın 21-də Sputnik-də yayımlanan “Marketlərdə əhaliyə qarşı bu fırıldağa da əl atdılar” başlıqlı reportajda, “Rahat” market tərəfindən aldadıldığını bildirən paytaxt sakininin fikirləri yer alıb. Vətəndaş vitrində, hər zaman aldığı “Calgon”un qiymətinin 9.4 manat göstərildiyini, lakin ondan 17.5 manat pul alındığını bildirmişdi.
“Təsəvvür edirsiniz, nə boyda fərq var. İnsanları bu şəkildə aldatmaq dəhşətli reallıqdır. Qiymət qalxsa belə, rəhbərlik gərək bunu rəflərə də yerləşdirsin. Təəssüf ki, bizdə bu cür səhlənkarlıqlar tez-tez baş verir. Bir az diqqətli olmaq lazımdır”, — sakin qeyd etmişdi. \\regionxeberleri.com\\