9-cu siniflərin buraxılış imtahanlarında - Yeni qaydalar əlavə edildi - DİM nəyə qərar verdi?
8-02-2017, 10:53

9-cu sinif üzrə orta məktəblilərin buraxılış imtahanlarına yeni qaydalar əlavə edilib. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının son iclasında bir sıra məsələlərlə yanaşı, buraxılış imtahanlarına edilən dəyişikliklər də müzakirə olunub.
Həmin məsələlərə builki tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələri haqqında "Hesabat”ın təqdim olunması, imtahanların keçirilməsinin ilkin qrafikinin, ali təhsil müəssisələrinə qəbul qaydalarının, 9-cu sinif üzrə buraxılış imtahanlarının 1-ci mərhələsinin keçirilmə forması aiddir. 9-cu sinif üzrə buraxılış imtahanlarının formaları, sual vərəqi, cavab kartı və inşa üçün yazı vərəqi Şura üzvlərinin diqqətinə çatdırılıb. Qeyd olunub ki, bu formalar, DİM-in xüsusi mətbəə proqram təminatı vasitəsilə hər bir şagird üçün fərdi şəkildə çap olunacaq və təhlükəsizliyi barkodla qorunacaq. Mövcud qaydalara görə, essenin (inşa) yazılması fərqlənmə attestatını almağa namizəd olanlar üçün mütləqdir, bu şagirdlər haqqında öncədən "Şagird-məzun” sistemində qeydiyyat aparılacaq və imtahan müddəti fərqli olduğuna görə onlar imtahan zamanı ayrı otaqlarda yerləşdiriləcək.
Xatırladaq ki, əvvəlki buraxılış imtahanlarında essenin (inşa) yazılması könüllü şəkildə idi. Yəni, imtahandan daha yüksək nəticə əldə etmək istəyənlər əlavə olaraq esse yazırdılar. Lakin son dəyişikliklər şagirdlər arasında müəyyən narahatlığa səbəb olub.
Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu isə "Şərq”ə açıqlamasında dəyişikliklərin o qədər də çətinlik yaratmayacağını bildirib. Ekspertin sözlərinə görə, essenin yazılışı yalnız bizdə deyil, dünyanın bütün sivil ölkələrində var. Bunun üçün də o təhsil sistemində vacib həlqə rolunu oynayır:
"Hazırda hələ başa çatmamış dəyişikliklərdə əsas məqsəd şagirdlərə fərqli təhsil sənədinin verilməsindən ibarətdir. Bu yeni təhsil sənədi onu müəyyən edəcək ki, kim daha yaxşı və ya zəif oxuyur. Daha doğrusu, verilən təhsil sənədləri ilə şagirdlər ali məktəbə gedə bilib-bilməyəcəkləri müəyyən olunacaq. Esse yaza bilməyən şagirdin gedib ali məktəbə sənəd verməyi ağlasığmazdır. Bu nöqteyi-nəzərdən esse yazılmalıdır. Riyaziyyatçı da, kimyaçı da, bir sözlə, bütün elm adamları şifahi və yazılı nitqi bilməlidir.
Dəyişikliklərə qalanda isə bu elə də çətinlik yaratmayacaq. Bacarığı olanlar daha yaxşı esse yazacaqlar və monitorinq aparan şəxslər kimin daha yaxşı biliyə malik olduğunu biləcəklər. Düşünürəm ki, təhsil sənədinin verilməsində kimin daha yaxşı və ya pis biliyə malik olduğunun rolu olmayacaq. Hər ikisinə təhsil sənədi veriləcək, amma sənədlər fərqli olacaq. Təbii ki, bunu söyləyən zaman Məleykə Abbaszadənin verdiyi bəyanatlara əsaslanıram. Bu məsələ hələ sona qədər yekunlaşmayıb. Zaman gələndə daha da dəqiqləşəcək. Lakin məsələni elə də dramatikləşdirmək lazım deyil”.