“Bakılift-təmir”in özünü "təmir" edən tapılacaqmı? - Hacıbala Abutalıbova ŞİKAYƏT

11-02-2017, 13:45           

Moderator.az-a Bakının Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsi, 2 - ci blokun sakinləri tərəfindən Bakı meri Hacıbala Abutalıbova ünvanlanan qəribə şikayət məktubu daxil olub.

Sakinlərin iddiasına görə neçə gündür liftləri işləmir. Səbəsə çox acınacaqlı bir məsələdən qaynaqlanır. Belə ki, 9 mərtəbəli binanın damında quraşdırılan liftin motoru (el arasında "katuşka" deyilir) içindəki bir neçə kiloqram misin olması səbəbindən az qala ayda bir dəfə oğurlanır. Amma bu günədək insanların əsəblərini tarıma çəkən bu gözügörünməz oğruları tapıb ifşa edən olmayıb.

Hər dəfə də sakinlər Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti tərkibindəki “Bakılift-təmir” İstehsalat Birliyinə müraciət edərkən onlara cavab verilir ki, oğrulara qarşı mübarizə aparmaqda acizdirlər. Buna görə də hər dəfə sakinlər 100 manat pul yığıb özləri liftin motorunu alırlar. Bəla burasındadır ki, hər dəfə lifti işlətmək üçün pul yığan sakinlər binanın damındakı həmin qurğu yerləşən yerə dəmir qapı vurularaq qıfıllanması üçün də quruma etdikləri müraciətə baxılmır.

Sakinlər deyir ki, təkcə liftin motoru deyil, troslar da ömrünü başa vurub və hər an bədbəxt hadisə baş verə bilər. Amma bu məsələdə də adıçəkilən qurum acizlik nümayiş etdirir və vəsait çatışmazlığını əsas gətirərək lifti əsaslı təmir etməkdən boyun qaçırır.

Görünür, bununla bağlı də müvafiq qurumların hərəkətə keçməsi üçün paytaxtdakı hansısa binada bədbəxt hadisə baş verməlidir. Əks halda Naxçıvani küçəsinin sakinləri kimi paytaxt əhalisinin taleyi Allahın ümidinə qalıb...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.