"VTB Bank" Sabirabad sakininin evini əlindən almaq istəyir - ŞİKAYƏT VAR
30-07-2015, 11:32
Manatın devalvasiyasından sonra bankların vəziyyəti getdikcə pisləşməkdədir. Əmanətlərin sürətlə geri çəkilməsi, kredit ödəmələrində yubanmalar banklar üçün böyük problemlərə yol açıb. Bütün bunların nəticəsində manatla verilən kreditlərin faizi 37-42-yə qədər yüksəlib. Banklar baş verən bu proseslərin qarşısını almaqda çətinlik çəkirlər. Heç şübhəsiz ki, bütün bunlardan ən çox əziyyət çəkən banklara borcları olan vətəndaşlardır. Faizlərin artması kreditlərin ödənilməsində ciddi problemlərə səbəb olub.
"Gündəlik Bakı" qəzeti bildirir ki, onsuz da yüksək olan faizlərin bir qədər də artması vətəndaşlarla banklar arasında narazılıqlarla nəticələnib. Qeyd edək ki, manatın devalvasiyasından öncə də banklarla vətəndaşlar arasında problemlər yaşanırdı. Banklar kreditləri vaxtında ödəməyən müştəriləri məhkəməyə verməklə onları daha da acınacaqlı hala salırdılar. Təəssüf ki, həmin proses bu gün də davam edir. Banklar müəyyən səbəblərə görə kreditləri vaxtında ödəyə bilməyən, gecikmə edən vətəndaşlara heç bir şans tanımır və onları dərhal məhkəməyə verir. Şikayət ərizəsi ilə redaksiyamıza müraciət edən Sabirabad rayon Həşimxanlı kənd sakini Sadıqov Mircəfər Ağamirsadıq oğlunun da bankla problemi yaranıb. O deyir ki, 2012-ci ilin sentyabr ayının 5-də "Kia Motors"un satış mərkəzindən "Kia Cerato" markalı avtomobil alıb: "Müəyyən olunmuş ilkin ödənişi, yəni 5000 ABŞ dollarını ödədim. "VTB Bank"la 32 aylıq ayda 700 ABŞ dolları olmaqla kredit müqaviləsi bağladım. Hər ay banka stabil olaraq 700 dollar ödəyirdim. Bu minvalla ümumilikdə 11057 dollar ödəniş etdim. 2013-cü ilin noyabr ayında səhhətimdə ciddi problemlər yarandı, iki dəfə ard-arda infarkt keçirdim. Buna sübutum da var. 2014-cü ilin ilk aylarında isə oğlumun səhhətində problemlər yaranmağa başladı. Belə ki, ağciyərində açılmış, deşilmiş və pətələnmiş yaralar əmələ gəldi. Olan-qalan pulumu oğlumun və özümün müalicəsinə sərf etdim. Beləliklə maddi vəziyyətim kritik həddə çatdı. Bu səbəbdən banka ödəniş edə bilmədim". Mircəfər Sadıqovun sözlərinə görə, ödəniş etmədiyi üçün "VTB Bank"ın nümayəndələri onu məhkəməyə veriblər: "Halbuki, mən başıma gələn hadisələrə qədər banka ödənişimi bir gün belə gecikdirməmişdim. Məhkəmə icraçıları 04.06.2015-ci il tarixdə mənim maşınımı alıb bankın işçilərinə təhvil verdilər. Bankın əməkdaşı ilə telefon əlaqəsi saxladım və onunla görüşdüm. O bildirdi ki, biz maşını 7012 dollara götürəcəyik yerdə qalan 11000 dollar əsas borcdan 7012 dolları çıxıb üstünə gələn 2800 dollar faiz, daha sonra təxminən 550 dollar da dəbbə pulunu əlavə edib cəmi 14350 dollardan 7012 doları çıxacağıq. Bankın əməkdaşı yenidən onlara 7340 dollar ödəniş etməli olduğumu bildirdi. Ödəyə bilməyəcəyim təqdirdə isə 13 nəfər ailə üzvümün yaşadığı evi əlimdən alacağı ilə hədələdi. Ailəmdə 1 nəfər 1-ci qrup, 2 nəfər 2-ci qrup əlil var. Əlacsız vəziyyətdə qalmışam. Bütün malım-dövlətim yaşadığım evdən ibarətdir. Evimi əlimdən alsalar, məcburiyyət qarşısında küçələrdə yaşamalıyam. Mən indiyə kimi banka 11057 dollar ödəniş etmişəm. Bir ay ödəməyən kimi məni məhkəməyə verdilər. Belə haqsızlıq olmazdı. Mən qəzet vasitəsilə əlaqədar dövlət qurumlarından kömək istəyirəm. Bu problemin bir həlli yolu olmalıdır. Xahiş edirəm ki, mənə və acınacaqlı vəziyyətdə yaşayan ailəmə kömək göstərsinlər". Şikayətlə bağlı "VTB Bank"ın baş ofisi ilə əlaqə saxlamağa çalışdıq, amma göstərdiyimiz bütün cəhdlər uğursuz oldu. Ümid edirik ki, bankla Sabirabad sakini arasında yaranmış problem tezliklə müsbət həllini tapacaq və vətəndaş evini itirmək təhlükəsindən xilas olacaq.
Qarşı tərəfi də dinləyə bilərik.